Press "Enter" to skip to content

Qərbi Azərbaycan İcmasının Türkiyə ofisinin açılışı olub

Açılış zamanı

Son yeniləmə: 13 Dekabr 2024 08:35

BAYRAQDAR MEDİA – Türkiyənin İzmir şəhərində Qərbi Azərbaycan İcmasının (QAİ) Türkiyə ofisinin açılışı həyata keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, “Türkiyənin dövlət rəsmilərinin, vilayət rəhbərliyinin, ziyalıların və İzmirdə yaşayan azərbaycanlıların iştirakı ilə təşkil olunan tədbirdə Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib”.

Məlumata görə, tədbirdə açılış çıxışı edən QAİ Türkiyə təmsilçisi Asif Qurban bu ofisin QAİ-nin Azərbaycandan kənarda açılan ilk ofisi olduğunu bildirib: “O, Türkiyədə sayı təxminən 1,5 milyon nəfər olan Qərbi Azərbaycan əsilli şəxsləri ətrafında birləşdirmək, qərbi azərbaycanlıların tarixi vətənlərinə ləyaqətli qayıdış hüququnu təşviq etmək məqsədi daşıdığını qeyd edib. QAİ Türkiyə təmsilçisi yeni yaradılan ofisin qarşısında duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan akademik konfranslar, simpoziumlar və digər fəaliyyət istiqamətləri barədə məlumat verib”.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov XIX əsrdə çar Rusiyası tərəfindən Azərbaycana qarşı aparılan demoqrafiyanın dəyişdirilməsi siyasəti haqqında geniş məlumat verib, bunun davamında XX əsrdə Ermənistanın məqsədyönlü siyasəti ilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın doğma yurdlarından didərgin salındığını ifadə edib: “Səfir, bir sıra dövlətlərin Azərbaycana qarşı siyasətində önə çıxan ikili standartlara diqqət çəkərək, qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıtması hüququna etinasız yanaşmanın yolverilməz olduğunu qeyd edib. O, ümidvar olduğunu bildirib ki, Ümummilli lider Heydər Əliyevin anım günü kimi önəmli bir tarixdə açılışı həyata keçirilən QAİ-nin Türkiyə təmsilçiliyi Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılmasında fəal rol oynayacaqdır. Səfir yeni yaranan ofisə fəaliyyətində uğurlar arzulayaraq Azərbaycan tarixinə işıq tutan kitablar hədiyyə edib”.

Xəbərdə qeyd edilib ki, QAİ Türkiyə ofisinin rəhbəri, əslən Qərbi Azərbaycanın Hamamlı mahalının Saral kəndindən olan Dr. Asif Qurban 31 ildir İzmirdə yaşayır və bir çox qeyri-hökumət təşkilatlarına rəhbərlik edib: “Nümayəndəliyin fəaliyyət istiqqmətləri arasında Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında ictimaiyyəti məlumatlandırmaq, ardıcıl şəkildə Qərbi Azərbaycandan deportasiya olunan 300 mindən çox soydaşımızın beynəlxalq səviyyədə haqq və hüquqlarının bərpa olunması istiqamətində beynəlxalq təşkilatlarla iş sistemini gücləndirmək kimi məsələlər yer alır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.