BAYRAQDAR MEDİA – Bir dəstə adam var. Hər şeyə mız qoyur, hər şeyi gözdən salmağa çalışırlar. Özəlliklə də Azərbaycanın dünyada yaxşı mənada tanıdılması üçün nəsə ediləndə bunlar səs-səsə verib ortalığa düşürlər…
Belə baxırsan, bayquş yığınıdır sanki bunlar. Yəni hər şey mütləq qara görünür bunların gözünə. Bir az gözlərini geniş açsınlar, daha pozitiv düşünüb münasibət bildirsinlər; yoxdur bunlarda belə şey…
Neçə gündür Azərbaycanda dünyaca məşhur futbolçu, azarkeşlərin sevimlisi Lionel Messi ruzigarı əsir. Sözün həqiqi mənasında futbolsevərlər bayram edir ki, belə bir məşhur oyunçu ölkəmizə gəlib. Yəni bir xoş səfərdir, üstəlik də onunla bərabər bütün dünyanın diqqəti Bakıya kəsilib.
Lionel Messi özünün milyonlarla izləyicisi olan sosial media hesablarında paylaşımlar da edib. Dünən axşamdan onun paylaşımlarını hər yerdə görürük, təbii ki, göstərdiklərinə görə də əlavə sevinirik.
Amma!!!
Amma heç nədən xəbəri olmayan bir zümrə var; iddia edirlər ki, o qədər xərc çəkib Leonu Bakıya gətiriblər, adam heç sosial mediada paylaşım da etmirmiş!
Təbii ki, dəqiqləşdirmək çətin deyil. Açdıq, araşdırdıq!
Bəlli oldu ki, Leo izləyicilərinin sayı 500 milyonu aşan Instagram səhifəsində Azərbaycan səfəri ilə bağlı olduqca diqqətçəkən bir video paylaşıb. Qısa müddətə – biz baxanda cəmi 9 saata videonu 1 milyondan çox izləyici bəyənib, 10 minlərlə də şərh yazılıb!
Eyni videonu ulduz futbolçu milyon yarım izləyicisi olan X səhifəsində də paylaşıb. Orada da minlərlə şərh və 10 minlərlə izlənmə var.
— Leo Messi (@leomessisite) December 12, 2024
Yəni Lionel Messinin Bakıya səfəri Azərbaycan üçün əlavə bir reklamdır. Özü də yaxşı bir reklam!
Amma bu qaramat zümrəsi ona da mız qoyur!
Bir vaxtlar Leonun transfer qiyməti 180 milyon avroya çatmışdı. Baxmayaraq ki, nisbətən yaşlanıb, indi də onun qiyməti 10 milyonlarla avro dəyərindədir. Yəni adamın şəxsinə nəinki adi maraq və diqqət var, hətta bu maraq 10 milyonlarla avro həddindədir. İndi belə bir ulduzun Azərbaycana gətirilməsi bizim üçün pis nəsə vəd edə bilərmi?
Ümumiyyətlə hansı beyinə sahib olmalısan ki, öz ölkəni yaxşı tərəfdən tanıtma cəhdlərinə belə mız qoyasan?
Hələ görün nə deyilər: Leonu Bakıya gətirmək 8 milyona başa gəlibmiş! Həm də iddia edilir ki, guya bu, dövlətin pullarıymış, kasıbların canından çıxırmış!
Rəsmi məlumat olmasa da sızdırılan bilgilərə görə, Leonu Bakıya özəl bir iş adamı gətirib. Yəni adam şəxsi pulunu xərcləyir. İndi sizə nə kim pulunu hara xərcləyir? Ümumiyyətlə bir adam özünə aid pulu xərcləyəndə sizdən icazə almalıdır? Məgər o mız qoyanlar pullarını xərcləyəndə kimdənsə icazə alırlar?
Deyirəm də, beyin problemi var bəzi adamlarda…
Bir də heç sevmədiyim “kütlə” ifadəsi var. Adətən insanların çoxluğundan danışanda daha nəzakətli olsun deyə “auditoriya”, “toplum” kimi ifadələri işlədirəm. “Kütlə” ifadəsini heç sevmirəm. Belə görürəm ki, bu küyə düşənlər üçün elə bundan sonra “kütlə” dən daha uyğun ifadə yoxdur anlaşılan…
İlk şərhi yaza bilərsiniz