Son yeniləmə: 13 Dekabr 2024 13:02
Özbəkistanda keçirilən Əməkdaşlıq Forumu Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının türk dünyasının vahid QHT platformasının yaranması istiqamətində əzmkarlığını bir daha nümayiş etdirdi
Nadir İSMAYILOV – Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri
Maraqlı və rəngərəng səfər proqramı, gözəl sirdaş
Burada bir haşiyə çıxım ki, dekabrın 3-4-də Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının xətti ilə Səmərqəndə təşkil olunan səfər zamanı nümayəndə heyət İslam Kərimovun məqbərəsi, Həzrəti Xızır məscidi, Şaxi Zinda Kompleksi, Registan Meydanı, Əmir Teymurun məqbərəsi, Uluqbəy Rəsədxanası, Bibixanım Məscidi və digər tarixi yerlər ilə tanış oldu, Səmərqənd şəhərində yerləşən “Dostluq Evi”ndə Özbəkistan QHT-ləri ilə silsilə görüşlər keçirildi.
Daşkəndə gəlincə, Forumdan əlavə olaraq QHT nümayəndələri dekabrın 5-də “Arşın mal alan” operettası əsasında tamaşaya baxdı, dekabrın 6-da isə Azərbaycanın Özbəkistandakı Səfirliyində oldu, dekabrın 6-da Daşkənd şəhərində Özbəkistan Əlillər Cəmiyyəti və “Digital Generation” QHT Evini ziyarət etdi, həmçinin Teymurilər Tarixi Muzeyində oldu.
Bu ziyarət və görüşlər Özbəkistanda bizə göstərilən qardaş münasibəti fonunda daha da sevimli və yaddaqalan oldu.
Bizə belə maraqlı səfər proqramı hazırlanmasına rəhbərlik edən Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev və səfər müddətində hər saniyə belə bizimlə maraqlanan Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının Daşkənd şəhəri regional bölməsinin rəhbəri Dilmurod İzzatovun əməyi danılmazdır.
Onun bizə göstərdiyi qardaş məhəbbətini, istiqanlılığı, yüksək qonaqpərvərliyi xüsusi olaraq qeyd etməyi özümüzə borc bilirik. Dilmurod bəyin hər addımda bizi düşündüyünü, hər addımda bizim səfərimizin daha da yaddaqalan olması üçün ən çətin işlərin belə öhdəsindən necə həvəslə gəldiyini görmək xoş hisslər yaradırdı. Onun timsalında bir daha qardaş Özbəkistan dövlətinə və xalqına minnətdarlıq etməklə yanaşı, Dilmurod İzzatovun bir fikrini də türk dünyasına çatdırmaq istəyirəm: “Biz qardaşıq. Bütün türk dünyası qardaşdır. Arzum budur ki, bu forumlar, eyni zamanda Özbəkistan-Azərbaycan qardaşlığının mərkəzində dayanacağı əməkdaşlıq tezliklə bütün Orta Asiyanı əhatə etsin”.
Proses davam edir
Foruma gəlincə, həm ümumilikdə tədbirin özü, həm keçirilən sessiyalar, həm də iki qardaş ölkənin QHT-ləri arasında imzalanan ikitərəfli əməkdaşlıq memorandumları barədə mediada geniş materiallar dərc edildiyi üçün bu məsələləri təkrar qeyd etməyə lüzum görmürük. Sadəcə olaraq Daşkənd forumundakı çıxışında Kamoliddin İşanxojayev 2023-cü ilin noyabrında Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunu məmnunluqla xatırladaraq bildirdi ki, hazırkı forum bu prosesin davamıdır.
Özbəkistanın Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək İctimai Fondundan Ayırmaların İdarəedilməsi üzrə Komissiyanın sədri Adxam Şodmonov isə ilk dəfə dekabrın birinci həftəsinin Özbəkistanda “Vətəndaş cəmiyyəti həftəsi”kimi qeyd olunmağa başlandığını vurğulayaraq, belə bir həftədə bu forumun keçirilməsini Azərbaycanla münasibətlərə verilən xüsusi əhəmiyyətin daha bir təzahürü kimi qiymətləndirdi.
Onu da vurğulamaq yerinə düşər ki, edilən çıxışlarda, səslənən təkliflərdə, həmçinin səmimi keçən söhbətlərdə bir neçə məqamın üzərində xüsusi olaraq dayanılırdı.
Bütün dünya gördü ki, Azərbaycan QHT sektoru bu istiqamətdə inamlı addımlar atmaq əzmindədir
Əvvəla, çıxış və fikirlərdə də bildirildiyi kimi Daşkənd forumu Füzuli forumunun davamı olmaqla ümumilikdə türk dünyasında qardaşlıq bağlarının güclü olduğunu və bundan irəli gələrək türk dünyası QHT-ləri arasında əməkdaşlığın inkişafı üçün davamlı addımlar atıldığı barədə bütün dünyaya bir mesaj verdi.
İkincisi, əslində isə ən mühümü Özbəkistan və Azərbaycan QHT-ləri dövlət başçılarının qətiyyətinə əsaslanan qardaşlıq siyasətinin davamlı olması üçün əzmkarlıqla çalışdıqlarını sərgilədilər. Yəni Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevin forumdakı çıxışı zamanı bəyan etdiyi kimi “Azərbaycan və Özbəkistan qardaş ölkələrdir, müttəfiqlərdir. Siyasi münasibətlər ən yüksək səviyyədədir”. \
Tural Əliyev bildirdi ki, iki ölkənin QHT-ləri arasında da bağların möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi dövrün mühüm çağırışıdır: “Azərbaycan və Özbəkistan münasibətləri sürətlə inkişaf edir, bu tarixi uğur Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin yürütdüyü uzaqgörən siyasətə söykənir. Həm Azərbaycan, həm də Özbəkistan öz xalqlarının milli maraqlarına əsaslanan müstəqil, ləyaqətli siyasət yürüdürlər”.
Üçüncüsü, Azərbaycan QHT-lərinin Özbəkistan səfəri bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT sektorunun əməkdaşlığının institusional mexanizminin yaradılması, birgə fəaliyyətlər, platformalar üçün böyük potensial və münbit şərait var. Azərbaycanın türk dövlətlərinin inteqrasiyası istiqamətində lokomotiv rolunu Azərbaycan QHT sektoru uğurla tamamlamaq potensialına malikdir.
Türküstan yelləri öpüb alnını
Daha da dəqiqləşdirsək, Azərbaycanın türk dünyasındakı digər sahələrdəki liderliyini QHT sektorunda davam etdirdiyini yenə də bütün dünya gördü. Hər kəs şahidi oldu ki, başda QHT-lərə Dövlət Dəstəyi Agentliyi olmaqla Azərbaycan QHT sektoru bu istiqamətdə inamlı addımlar atmaq əzmindədir. Türkiyə ilə əsası qoyulan, Özbəksitanla davam etdirilən bu əməkdaşlıq tezliklə bütün Türküstanı əhatə edəcək. Özbəkistanda dalğalanan bayraqlarımız tezliklə Orta Asiyanın digər türk dövlətləri ilə də oxşar əməkdaşlıqların qurulmasına təkan verəcək. Necə deyərlər Türküstan yelləri tezliliklə bayraqlarımızın alnından öpüb, vahid amal uğrunda QHT sektorunun da bri yumruq olmasına dəstək verəcəklər.
Elə buradan yola çıxaraq “bəs bundan sonra nə olacaq” sualına da cavab vermiş oluruq. Daha dəqiq desək,
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın bəyan etdiyi kimi, ötən il Füzulidə olan forumdan sonra iki ölkənin QHT-ləri arasında əməkdaşlıq güclənib, Agentlik bu əlaqələrin daha da genişləndirilməsi üçün qarşıdakı dövrdə də fəal iş aparacaq.
Bir sözlə, müqəddəs bir proses başlayıb və uğurla davam edir. Özü də bu geridönməz və hər addımında müsbət yeniliklər gətirən bir prosesdir. Şübhəsiz ki, bu yeniliklər, Daşkəndə imzalanan əməkdaşlıq memorandumları gələcək birgə, vahid mərkəz halında addım atmaq və türk dünyasının vahid QHT platformasını yaratmaq üçün “yol xəritəsi” rolunu oynayacaq.
Elə isə Füzulidən Daşkəndə, Daşkənddən bütün Türküstana uzanan yolumuz açıq, işimiz avand, əməyimiz bərəkətli olsun!
İlk şərhi yaza bilərsiniz