Press "Enter" to skip to content

Bakıya həsr olunmuş unikal gümüş sikkə

BAYRAQDAR MEDİA – “AzerGold” QSCtərəfindən əsrarəngiz memarlıq abidələri ilə qədimliklə müasirliyinmöhtəşəm harmoniya yaratdığı paytaxt Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.

Bildirilib ki, “Bakı” adlı unikal sikkə paytaxtımızın tarixi əhəmiyyətini, doğma şəhərimizin zəngin mədəni irsini və dinamik inkişafını simvolizə edir.

Məlumata görə, sikkə üzərində təsvir edilmiş, əsrlərdir dillərdə dolaşan əfsanələri ilə paytaxtımızın gözəlliyinə əlavə bir cazibə qatan tarixi Qız qalası və Azərbaycanın müasir memarlıq incisi, qeyri-adi, mürəkkəb quruluşlu binası ilə paytaxtımızın çağdaş simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzi ahəngdar şəkildə keçmişlə gələcəyin vəhdətini təcəssüm etdirir: “Bu vəhdəti yüzilliklərə şahidlik edən Şah məscidi ilə postmodern memarlıq tərzinin nümunəsi sayılan üç möhtəşəm göydələn – “Alov qüllələri” tamamlayır. Kompozisiyanı üst hissədə, səma müstəvisində həkk edilmiş səkkizguşəli ulduz ornamentləri, aşağı hissədə isə mavi Xəzərin zümrüd dalğaları əhatə edir. Sikkə numizmatika sahəsində ən müasir istehsal həlli hesab edilən “Smartminting” texnologiyasının üstünlüklərindən faydalanmaqla yüksək keyfiyyətli gümüşdən, 3D formatında ərsəyə gətirilib”.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən ilk dəfə, ötən il bu texnologiya vasitəsilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “100 il və onun fövqündə bir irs” adlı unikal qızıl sikkə istehsal edilib.

Qeyd olunub ki, “Bakı” sikkəsinin istehsalı prosesində innovativ texnologiya ilə yanaşı, ənənəvi əl işləmələri də tətbiq edilib: “Yeni nəsil gümüş sikkə həm kolleksiyaçılar, həm də əsrarəngiz paytaxtımızı sevənlər üçün mükəmməl bir hədiyyədir. 999.9 əyarlı, 2 unsiya çəkiyə malik yeni gümüş sikkə “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində və onlayn satış platforması – “www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir. Qeyd edək ki, “AzerGold” QSC tərəfindən Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilib, 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim edilib. Məqsəd ölkəmizin qiymətli metallar bazarının, qədim zərgərlik ənənələrinin inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.