BAYRAQDAR MEDİA – Dekabrın 13-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “Baş Qərargah rəisi Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar, Ordunun Vətən müharibəsində qazandığı qələbə və sonrakı dövrdə keçirilmiş hərbi əməliyyatlarda əldə olunmuş döyüş təcrübəsinin qoşunların hazırlığında tətbiqindən danışıb. K.Vəliyev Azərbaycanın NATO ilə müxtəlif proqramlar çərçivəsində həyata keçirdiyi əməkdaşlığı yüksək qiymətləndirərək əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib”.
Daha sonra xəbərdə, “göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən M.Nielsen Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Qonaq NATO ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda və digər tədbirlərdə fəaliyyətini yüksək qiymətləndirib” deyə qeyd edilir.
Görüşdə NATO ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
İlk şərhi yaza bilərsiniz