BAYRAQDAR MEDİA Azərbaycan Yazıçılar Birliyinin üzvü Aysel XANLARQIZInın şeirlərini təqdim edir:
Sən cəsur döyüşçüm, mən əsir yurdun,
Bir Turan arzulu türküm, boz qurdum.
O taylı, bu taylı Xudafərinim,
Qoynuna tələsən Təbriz hayqırtım…
Ayrı qitələrdə həsrət yanğısı ,
Dərviş səbrindəki təklik ağrısı.
Mövlanəm, üləmam, sufim, zahidim,
Eşqə təsəvvüfüm, Tanrı çağrısı…
Bu şəhid ruhumun azad şəhəri,
Sən Laçın sabahım, Şuşa səhərim…
Köksü səcdəgahım, ocağım, pirim,
Acı taleyimin xoşbəxt zühuru…
Gəl, sənsiz vəhşətdə xaraba ruhum,
Qiyamət ömrümün İsrafil suru…
*****
Kədər qatarlanıb hava xəttində,
Ruhum bir təyyarə qanadı üstə.
Yenə həsrətimi möhür vururlar,
Yorğun bir pasportun sənədi üstə.
İndi xatirələr çox yüksəklikdə,
Göyün səs-küyündən batır qulağı.
Xəyalım göy donlu stüardessa,
Yalnızlıq – uzanan uçuş zolağı…
De, necə yuxuya verim göz yaşın,
Bu yalqız ömrümü necə qurtarım?
Getmə deyəcəkdim, dilim qurudu,
Daş düşsün başına ayrılıqların…
Anam evimizdə tənha qalanda,
Biz durna köçündə dönmədik yazdan.
Atamın ömründə payız olanda,
Onda anladım ki, adammış xəzan…
Atammış xəzan…
*****
İllər də köhnəldi köynəklər kimi,
Dar oldu əyninə yaşımız daha.
İndi bir ocaq yox, xatirələri
İçində yandırıb çıxaq sabaha,
qalxaq ayağa…
Nə o bağ qalıbdır, nə tut ağacı,
Çapığı dizimdə qoşa-qoşadı.
İndi evimizdə darıxan anam,
Atamın şəkliylə, eh, başbaşadı…
üzü qışadı…
Sabahı qorxudur yuxusuz gecə,
Allahın verdiyi nəfəs azalıb.
Daha qış fəslitək gecəmiz uzun,
Ömür gündüz kimi yaman qısalıb…
Atam evimizdən gedəndən bəri,
Dünya yetimxana, dünya boşalıb…
İlk şərhi yaza bilərsiniz