BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi xanım Saca Faruq Abdullah ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözegedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə UNİCEF arasında əlaqələrin çoxşaxəli olduğunu vurğulayıb. Nazir SN tərəfindən Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasında xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Nazir vaksin preparatlarının da Azərbaycana UNİCEF xətti ilə gətirildiyini vurğulayıb.
Noyabrda Bakıda keçirilən COP29-un mahiyyətini vurğulayan nazir tədbir çərçivəsində SN və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təşkil olunan “İqlim dəyişikliyinin sağlamlığa təsirlərinə hazırlıq və onlara cavab olaraq səhiyyə sahəsində kadr potensialının gücləndirilməsi” mövzusunda panel müzakirəslərini qeyd edib. Həmçinin, Azərbaycan Tibb Universitetində (ATU) 2024/25-ci tədris ilindən etibarən ATU-nun ikinci kurs tələbələrinə “İqlim dəyişikliyi və sağlamlıq” fənninin tədris olunduğu diqqətə çatdırılıb. T.Musayev çıxışının sonunda gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib”.
Daha sonra xəbərdə, “öz növbəsində S.F.Abdullah xatırladıb ki, BMT-nin Uşaq Fondu Azərbaycanda fəaliyyətə 1993-cü ildə başlayıb. Azərbaycan ilə UNİCEF arasında tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirən S.F.Abdullah 2021-2025-ci illər üzrə Əməkdaşlıq Proqramı çərçivəsində birgə fəaliyyət qarşılıqlı əlaqələrin davam etdirilməsində mühüm rol oynadığını qeyd edib” deyə bildirilir.
Sonda tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İlk şərhi yaza bilərsiniz