Son yeniləmə: 11 Dekabr 2024 07:44
BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun sədrliyi ilə müşavirə keçirilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “müşavirədə Baş nazir Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılmasının Ulu Öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafının Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edilib ki, həyata keçirilən davamlı iqtisadi islahatlar sayəsində Azərbaycan ötən müddət ərzində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində əhəmiyyətli addımlar atıb. Davamlı iqtisadi islahatlar nəticəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilib, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, şaxələndirilmiş milli iqtisadiyyatın formalaşdırılması təmin edilib”.
Məlumata görə, baş nazir vergi və gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müsbət dinamika müşahidə olunduğunu diqqətə çatdırıb: “Qeyd edib ki, büdcə gəlirləri yerli daxilolmalar hesabına artırılıb ki, bu da ilk dəfə olaraq büdcə daxilolmalarının 49 faiz hissəsinin yerli büdcə hesabına başa gəlməsinə səbəb olub. Naxçıvan Muxtar Respublikasının Baş naziri 2025-ci il büdcəsinin icrasına başlayacaq qurumlara hər bir istiqamət üzrə xərclərin icrası ilə bağlı müvafiq göstərişlər verib. Müvafiq icra orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə elektron sistemlərin ölkənin analoji qurumlarının sistemlərinə inteqrasiyanın sürətlənməsini, işgüzar əlaqələrin daha da sıx qurulmasını və onların əldə etdiyi təcrübələrdən yararlanmağı tövsiyə edib, aidiyyəti qurumlara bir sıra tapşırıqlar verib.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin 11 aylıq icra vəziyyəti, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda nəzərdə tutulan və Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsində əsaslı vəsait qoyuluşundan (investisiya xərclərindən) maliyyələşdirilməsi təklif edilən layihələrin ciddi texniki əsaslandırmalar aparılaraq hazırlanması tapşırıqları verilib”.
Məlumatda həmçinin deyilir ki, müşavirədə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılovun, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimovun, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadənin, Nazirlər Kabinetinin Aparat rəhbəri Sahir Rüstəmovun çıxışları dinlənilib.
İlk şərhi yaza bilərsiniz