Son yeniləmə: 11 Dekabr 2024 14:20
CASCFEN sədri: Daşkənddəki ikinci forum çərçivəsində imzalanan ikitərəfli əməkdaşlıq memorandumları yaxın gələcək üçün bir “yol xəritəsi” kimi qəbul edilə bilər
BAYRAQDAR MEDİA – “Son illər, xüsusilə də Azərbaycanın 44 günlük Vətən savasında qazandığı tarixi zəfərdən sonra türk dünasında bir qalxınma müşahidə edilir. Bu, özünü xüsusilə bütün sahələrdə inteqrasiyanın dərinləşməsində göstərir. Məhz sözügedən istiqamətdə türk dünyasının qeyri-hökumət təşkilatları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi xüsusilə qeyd edilməlidir”.
Bunu açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir İsmayılov deyib.
Ötən həftə Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində olan CASCFEN sədri bildirib ki, bu səfər bir çox məsələlər baxımdan önəmli idi: “Belə deyərdim ki, həm səfər, həm də Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu və bu tədbir çərçivəsində iki qardaş ölkənin QHT-ləri arasında imzalanan ikitərəfli əməkdaşlıq memorandumları mühüm əhəmiyyət kəsb edir. Əvvəla ona görə ki, səfər ötən ilin noyabrında Füzuldə keçirilən birinci əməkdaşlıq formunun davamı kimi reallaşırdı. Bu isə iki qardaş ölkənin vətəndaş cəmiyyəti arasında artıq sarsılmaz bağların yarandığını, əməkdaşlıq forumlarının isə bir ənənən halını aldığını deməyə əsas verir. Digər tərəfdən ikinci forum çərçivəsində imzalanan ikitərəfli əməkdaşlıq memorandumları yaxın gələcək üçün bir “yol xəritəsi” kimi qəbul edilə bilər. Yəni ortada konkret olaraq sənəd və ondan irəli gələn vəzifələr var”.
N.İsmayılov vurğulayıb ki, bu səfərin və forumun əhəmiyyətini ifadə edən ən əsas məsələ isə iki qardaş ölkənin QHT sektorunun həyata keçirilən dövlət siyasətinə dəstək vermək əzmini nümayiş etdirməsi ilə bağlıdır: “Kimsəyə sirr deyil ki, bu gün Türk Dövlətləri Təşkilatı daxilində həyata keçirilən siyasətdə, inteqrasiya proseslərində Azərbaycan xüsusilə fərqlənir. Bu kontekstdə Azərbaycanın qardaş Özbəkistanla əlaqələri xüsusi qeyd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevin Daşkənddəki forumda çıxışı zamanı bəyan etdiyi kimi qardaş və müttəfiq ölkələr olan Azərbaycanla Özbəkistan arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan və Özbəkistan münasibətləri sürətlə inkişaf edir, bu tarixi uğur Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin yürütdüyü uzaqgörən siyasətə söykənir. Təbii ki, bu özlüyündə yeni çağırışlar yaradır. Elə iki qardaş ölkənin QHT-ləri arasında da bağların möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi dövrün mühüm çağırışıdır. Bir sözlə, iki qardaş ölkənin QHT camiəsi dövlət rəhbərlərinin qətiyyətlə həyata keçirdikləri və qardaşlıq bağlarının daha da gücləndirilməsinə hesablanmış siyasətə dəstək olaraq üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək əzmini nümayiş etdirir”.
“Nəhayət, onu da deyim ki, bu əzmkarlıq, Azərbaycan Özbəkistan QHT sektoru arasında əməkdaşlıq həm Azərbaycanın və Orta Asiyanın digər türk dövlətlərinin QHT-ləri arasında oxşar əmədaşlıqların qurulması, həm də ümumilikdə Türk Dövlətləri Təşkilatı daxilində vahid QHT platformasının yaradılması üçün bir model rolunu da oynaya bilər” deyə N.İsmayılov sonda bildirib.
İlk şərhi yaza bilərsiniz