Son yeniləmə: 11 Dekabr 2024 11:55
Azər Allahverənov: Bu vaxta qədər formalaşmış əməkdaşlıq yeni bir müstəviyə qədəm qoyur
BAYRAQDAR MEDİA – “Dekabrın 5-də Daşkənddə keçirilən və sayca ikinci olan Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu mühüm məqamlarla yadda qaldı. Bu məqamlardan biri də iki qardaş ölkənin müxtəlif sahələri əhatə QHT-ləri arasında əməkdaşlıq memorandumlarının imzalanması oldu”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlmasında millət vəkili Azər Allahverənov deyib.
Daşkəndə gedən Azərbaycan nümayəndə heyətinin tərkibində olan deputatın sözlərinə görə, bu memorandumların imzalanması həm özündə müsbət amilləri əks etdirir, həm də sənədləri imzalayan QHT-lərin üzərinə mühüm öhdəlik və məsuliyyət qoyur: “Deməli, müsbət məqam odur ki, artıq bu, Azərbaycan və Özbəkistan QHT-lərinə müxtəlif istiqamətlər, xüsusilə də spesifik mövzular üzrə birgə layihələrin həyata keçirilməsi üçün çox əlverişli bir mühit yaratmış olur. Yəni deyək ki, hansısa bir Azərbaycan QHT-si hansısa bir Özbəkistan QHT-si ilə əməkdaşlıq üçün danışıqlar apara və ortaq bir işi görmək üçün arzularını ifadə edə bilər. Bu sənədin imzalanması isə o deməkdir ki, artıq onların ortaq məxrəci var və onlar hansısa bir mövzular üzərindən bir mövqedən çıxış etmək, birgə layihələr reallaşdırmaq, birgə addımlar atmaq üçün anlaşma əldə ediblər. Beləliklə, göründüyü kimi, memorandumların imzalanması ilə bu vaxta qədər formalaşmış əməkdaşlıq yeni bir müstəviyə qədəm qoyur. Elə bir müstəvi ki, burada artıq konkret addımlar atılacaq, real işlər görüləcək və layihələr reallaşdırılacaq”.
Məsələnin məsuliyyət ilə bağlı hissəsinə gəlincə isə millət vəkili qeyd edib ki, istənilən memorandum istənilən imzalanan sənəd onu imzalayan tərəflərin üzərinə müəyyən məsuliyyət qoyur: “Yəni bu dəfə də tərəflər memorandumda öz əksini tapmış bəndlər üzrə vəzifələri yerinə yetirmək üçün üzərlərinə öhdəliklər götürüblər. Bir sözlə, bu memorandumların imzalanması ona imza atan istər Özbəkistan, istərsə də Azərbaycan QHT-lərinin üzərinə yuxarıda sadaladığım istiqamətdə məsuliyyət qoyur. Mən əminəm ki, Daşkənddə Azərbaycan və Özbəkistan QHT-ləri arasında imzalanan memorandumlar 2025-ci ildə iki qardaş ölkənin maraqlarına və vətəndaş cəmiyyətinin fəaliyyətinin daha da intenzivləşməsinə xidmət edəcək layihələrin reallaşdırılmasına təkan verəcək”.
İlk şərhi yaza bilərsiniz