Son yeniləmə: 11 Dekabr 2024 14:09
Bobur Bekmurodov: Vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı xalqlar arasındakı bağları daha da gücləndirir
BAYRAQDAR MEDİA – “Bu çox əlamətdar bir hadisədir ki, artıq 2 ölkə arasında təkcə dövlət rəhbərləri deyil, eyni zamanda xalqlar, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri arasında da gözəl əlaqələr qurulur, əməkdaşlıqlar inkişaf edir. Bu bizi çox sevindirir”.
Bunu Daşkənddə BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Özbəkistanda fəaliyyət göstərən “Yüksəliş” Milli Hərəkatının sədri, Özbəkistan parlamentinin üzvü Bobur Bekmurodov deyib.
Daşkənddə ikincisi keçirilən Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunu dəyərləndirən Bobur Bekmurodov qeyd edib ki, dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən siyasət iki qardaş ölkə arasında əməkdaşlığı daha da dərinləşdirir: “Hesab edirəm ki, bu siyasət fonunda vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıığı xalqlar arasındakı bağları daha da gücləndirir. Biz bu istiqamətdə işləri davam etdirməliyik. Sevindirici haldır ki, hər iki qardaş ölkənin vətəndaş cəmiyyəti bu sahədə üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edir və bu vəzifənin uğurla yerinə yetirilməsi üçün əlindən gələni edir”.
Millət vəkili əlavə edib ki, artıq Özbəkistan və Azərbaycan QHT-ləri arasındakı əməkdaşlıq bir ənənənin də əsasını qoyub: “Söhbət əməkdaşlıq forumları ənənəsindən gedir. Biz ötən ilin noyabrında Füzulidə Özbəkistan və Azərbaycan QHT-lərinin birinci əməkdaşlıq forumunu keçirdik. Bu il isə Daşkənddə ikinci forum keçirilir. Bu o deməkdir ki, artıq bu bir ənənə halını alır və forumlar çərçivəsində atılan addımlar da gələcəyə ümidlə baxmağa əsas verir. Məsələn, ötən Forum çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Milli Assosiasiyası və Özbəkistan Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək İctimai Fondu arasında əməkdaşlıq memorandumları imzalanıb. Daşkənd forumu çərçivəsində isə iki qardaş ölkənin müxtəlif QHT-ləri arasında ikitərəfli əməkdaşlıq memorandumları imzalandı. Yəni görünən odur ki, bu forumlar sadəcə keçirilmək xatirinə keçirilmir, ortada nəticə olsun, mühüm layihələr reallaşdırılsın deyə keçirilir. Bir sözlə, hər bir forum daha bir yenilik gətirir və əminəm ki, Daşkənd forumu çərçivəsində təşkilatlar arasında imzalanmış əməkdaşlıq sazişi daha da inkişaf edəcək”.
İlk şərhi yaza bilərsiniz