Son yeniləmə: 10 Dekabr 2024 09:48
BAYRAQDAR MEDİA – Dekabrın 9-da Ər-Riyad şəhərində Azərbaycanın və Səudiyyə Ərəbistanının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında qeyd edilib.
Bildirilib ki, “Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Səudiyyə Ərəbistanı nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Valid Əl-Xureyci rəhbərlik ediblər. Görüşdə iki ölkə arasında əlaqələrin gücləndirilməsi, siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub”.
Məlumata görə, görüşdə bu ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi COP29-un iki ölkə arasında mövcud əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı bildirilib: “Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsi razılaşdırılıb. Postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən bərpa-quruculuq işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib”.
Məlumatda həmçinin vurğulanıb: “Görüşdə turizm, yaşıl enerji və investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu vurğulanıb.
Siyasi məsləhətləşmələr zamanı, həmçinin regional, beynəlxalq məsələlər və birgə maraq daşıyan digər mövzular da müzakirə olunub. Səfər çərçivəsində Y.Rəfiyev, həmçinin Səudiyyə Ərəbistanı Krallığının enerji nazirinin davamlılıq və iqlim dəyişikliyi üzrə müavini Xalid Əl-Mehaid ilə görüşüb”.
İlk şərhi yaza bilərsiniz