Press "Enter" to skip to content

Tanıyaq və tanıdaq: aşıq-şair Xaltanlı Tağı

Tahir Həsənlinin "Xaltanlı Tağı" kitabı

Son yeniləmə: 10 Dekabr 2024 13:12

BAYRAQDAR MEDİA – Artıq 65-ci ildir Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisində (şairin adı Məclisə 2023-cü ildə verilib) hər ay maraqlı görüşlər, müzakirələr, təşəbbüslər olur. Mən də mümkün qədər bu Məclisdə iştirak etməyə, imkan olduqca dinləməyə və fikirlərimi paylaşmağa çalışıram.

Yeri gəlmişkən deyim ki, Məclis hər ayın üçüncü bazar günü, saat 11-də Xaçmaz kitabxanasında toplaşır. Burada Məclisin üzvləri ilə yanaşı arzu edən hər kəs iştirak edə bilir. Yəni Məclis qapalı deyil, açıqdır. Bu da səbəbsiz deyil. Məclis üzvləri hesab edir ki, ədəbiyyatın keyfiyyətini yüksəltmək və hər kəs üçün daha əlçatan olması üçün məhz açıq qapı siyasəti lazımdır.

Noyabr ayında da növbəti Məclis oldu. İştirak etdim. Hər zamankı kimi maraqlı idi. Yeni ədəbi əsərlərin təqdimi, onların ətrafında müzakirələr, tənqid və təqdirlər bu dəfə də Məclisə rəng qatdı.

Amma sözüm onda deyil. Məclisdə bu dəfə maraqlı bir təqdimat da oldu. Qubalı ədəbiyyatçı, müəllim Tahir Həsənlinin aşıq-şair “Xaltanlı Tağı” kitabının təqdimatı da oldu bu dəfə.

Yeni nəşr olunmuş kitab, adından da göründüyü kimi, aşıq-şair Xaltanlı Tağının kimliyi və yaradıcılığına həsr olunub.

Az-çox ədəbiyyata yaxınlığım olsa da, açığını deyim ki, bu şair haqqında məlumatlı deyildim. Özümə də maraqlı gəldi. Tahir Həsənli də sağ olsun, kitabın nüsxələrini bizə hədiyyə etdi.

Məclisdə söz vermişdim ki, yeni kitabı oxuyub adətim üzrə haqqında bir yazı da yazacağam. Bilənlər bilir, bu yolla kitabın-ədəbiyyatın tanıdılmasına az da olsa töhfə verməyə çalışıram. Ona görə də oxuduğum bütün kitablar haqqında bir yazı-dəyərləndirmə yazıb yayımlayıram.

Beləliklə, sözümü tutdum, “Xaltanlı Tağı” kitabını da oxudum. Düzdür, iri həcmli deyil, amma indiki işlərin çoxluğu, özəlliklə də mənim məşğul olduğum sahədəki intensivlik bəzən bədii ədəbiyyat oxumağıma əməlli-başlı mane olur. Buna baxmayaraq yenə də oxuyuram.

Bu kitabı oxuyarkən qarşımda yeni və bu vaxta qədər tanımadığıma görə şəxsimi peşman edən bir kimlik açılmağa başladı. Qeyd edim ki, kitabda Tahir Həsənlinin Xaltanlı Tağı haqqında araşdırma məqalələri toplanıb. Əlavə olaraq aşıq-şairin əldə edilmiş şeirləri də yer alıb. Yəni oxucunun şairin həm haqqında oxumaq, həm də poeziya-aşıq yaradıcılığı ilə tanış olmaq imkanı var.

Kitabdan öyrənmiş oldum ki, Qubanın Xaltan kəndindən olan Xaltanlı Tağı təxminən 1798-1873-cü illər arasında – 75 il ömür sürüb. O, Şirvan aşıq məktəbinin yaradıcılarından biri, bəlkə də birincisidir. Amma təəssüf ki şeirləri – yaradıcılığı yetərincə araşdırılmayıb, əsərləri tam olaraq toplanmayıb. Təbii ki, belə bir durumda onun sanballı bir kitabı da yoxdur əlimizdə.

Yenə də öyrənmiş oluruq ki, müxtəlif dövrlərdə Xaltanlı Tağının şeirlərini toplamağa cəhdlər edilib. Hətta onun şeirlərinin bir qismi toplanıb, Azərbaycan Aşıqlar Birliyinə təqdim edilib və… itib.

Əlavə olaraq tanınmış ədəbiyyat araşdırmaçıları da ara-sıra Xaltanlı Tağının yaradıcılığını tam olmasa da araşdırıblar, öz əsərlərində ona yer veriblər. Amma bu da yetərli olmayıb. Ona görə də Tahir Həsənli imkanı daxilində araşdırmalar aparıb, şairin şeirlərini toplayıb, ayrıca kitabda çap etdirməyə hazırlaşır. Əlimizdə olan kitab isə hələlik ilkin təşəbbüsdür.

Dediyim kimi, kitabı oxudum. Oxuyarkən hər şeydən öncə diqqətimi Xaltanlı Tağının şeirlərinin dil baxımından təmizliyi – aydın olması çəkdi. Türkün ana dilində, saf, təmiz aşıq şeirləridir bunlar. Düzdür, ərəb-fars sözləri ilə zəngin qəzəllər də var. Amma sırf heca vəznində yazılmış aşıq şeirləri tərtəmiz türkcə (indiki dildə desək, Azərbaycanca) olması ilə diqqət çəkir.

Nəzərə alaq ki, Xaltanlı Tağı 19-cu yüzilin ilk 3 rübündə yaşayıb. Yəni məktəbin, təhsilin olmadığı, rus işğalı altındakı torpaqlarda dağ başındakı bir kənddə yetişmiş bir şairin bu qədər savadlı, səlis, aydın tükcəyə sahib olması diqqət çəkməyə bilməz. Üstəlik də Quba kimi etnik tərkibi rəngarəng olan bir bölgədə.

Diqqətimi çəkən ikinci məqam Xaltanlı Tağının bölgəni Dağıstanla bir görməsi, eyni zamanda Bütöv Azərbaycan coğrafiyasını öz şeirlərinə mövzu etməsidir. Hələ üstəlik o da diqqət çəkir ki, şair Dağıstanın müxtəlif bölgələrində saz-söz adamları ilə dostluq edib, onlara qonaq gedib və ünsiyyət də məhz türk dilində olub!

Murad Qudyalçaylı adına "Ulduzlar" Ədəbi Məclisi
Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi

Xaltanlı Tağı məclislər aparıb, dastanlar söyləyib. Aşıqların da bəlli bir özəlliyi var: şeiri bədahətən deyərlər və kimsə əzbərləyib yadda saxlasa, yaxud da qeydə alsa, o şeir yaşayar. Amma bir qayda olaraq aşıqların söylədiyi şeirlərin çoxu məclisdə səslənər və orda qalar. Xaltanlı Tağının da şeirləri bu baxımdan bəzən sənədləşdirilməyib və itib…

Lakin, yuxarıda da qeyd etdiyimiz kimi, şairin şeirlərinin az bir qismi zamanımıza qədər yazılı şəkildə gəlib çatıb. Bunun özü yetərlidir ki, Xaltanlı Tağının nə qədər böyük bir el aşığı, şair olduğunu deyə bilək.

Bu qısa yazımızda Xaltanlı Tağı haqqında geniş yazmaq imkanımız yoxdur. Amma düşünürük ki, onun aşıq-şair kimliyinə işıq tutmaq üçün ən yaxşı yol şeirlərindən birini təqdim etməkdir. Bunu nəzərə alaraq sözügedən kitabdan ustadın bir şeirini dəyərli oxucularımıza təqdim edirik.

Bulaqda gördüm

Sərildim görcəyin qədəmlərinə,
Bir ceyran gözlünü bulaqda gördüm.
Sinəmi yandırdı nazı, qəmzəsi,
Bir eşqi közlünü bulaqda gördüm.

Naqafil məhəbbət, sevgi yamandı,
Üzü qəmər kimi, zülfü dumandı,
Yel atdı zülfünü, camalı yandı,
Bir günəş üzlünü bulaqda gördüm.

Bu zalımı görcək çaş olub qaldım,
Kəsildi taqətim, daş olub qaldım,
Bir sual eylədim, xoş cavab aldım,
Bir şirin sözlünü bulaqda gördüm.

Bilmədim hurimi, mələkmi, nədi,
Arzumu, istəkmi, diləkmi, nədi?
Tağıya söz verdi, “gələrsən” dedi,
İqrarı düzlünü bulaqda gördüm.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.