Son yeniləmə: 10 Dekabr 2024 11:51
Kamoliddin İşanxojayev: Bu əlaqalər təkcə QHT sektorunu bir-birinə yaxınlaşdırmır, eyni zamanda dövlət başçılarının həyata keçiridyi qardaşlıq siyasətinin xalqlara çatdırılmasında, xalqların isə bir-birinə daha da yaxınlaşmasında öz sözünü deyir
BAYRAQDAR MEDİA – “Özbəkistan və Azərbaycanın qeyri-hökumət təşkilatları arasında əlaqələrin daha da dərinləşməsi qardaş ölkələrimiz və xalqlarımız üçün də önəm kəsb edir. Bu əlaqalər təkcə QHT sektorunu bir-birinə yaxınlaşdırmır, eyni zamanda dövlət başçılarının həyata keçiridyi qardaşlıq siyasətinin xalqlara çatdırılmasında, xalqların isə bir-birinə daha da yaxınlaşmasında öz sözünü deyir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlmasında Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev deyib.
Daşkənddə keçirilən ikinci forum bu prosesin davamıdır
Özbəkistanda keçirilən Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun nəticələrini BAYRAQDAR MEDİA-ya dəyərləndirən Kamoliddin İşanxojayev öncə 2023-cü ilin noyabrında Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunu məmnunluqla xatırladıb.
O, bildirib ki, Daşkənddə keçirilən ikinci forum bu prosesin davamıdır: “Həmin Forum çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Milli Assosiasiyası və Özbəkistan Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək İctimai Fondu arasında əməkdaşlıq memorandumları imzalanıb. Ötən il bu memorandumlar çərçivəsində iki ölkənin qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsi aparılıb. Tərəfdaşlıqlar qurulub, vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş birgə layihələr həyata keçirilib”.
Bütün bu proseslər əməkdaşlığın davamlılığı üçün təkan rolunu oynayıb
Onun sözlərinə görə, bütün bu proseslər əməkdaşlığın davamlılığı üçün təkan rolunu oynayıb: “Məhz bundan irəli gələrək artıq Daşkənddə ikinci forum keçirildi. Bu forumda panel iclasları zamanı səslənən təkliflər, həmçinin forum çərçivəsində iki qardaş ölkənin QHT-ləri arasında imzalanan Əməkdaşlıq memorandumları bizim uğurlu fəaliyyət göstərdiyimizin daha bir sübutudur. Bu memorandumların imzalanmasında məqsəd iki qardaş ölkənin qeyri-hökumət təşkilatları arasında birgə layihələrin həyata keçirilməsinə, təcrübə mübadiləsinə, tərəfdaşlıq əlaqələrinin qurulmasına dəstəkdir”.
Bu, Özbəkistanda Azərbaycanla münasibətlərə verilən xüsusi əhəmiyyətin daha bir təzahürüdür
Açıqlamasında Kamoliddin İşanxojayev, həmçinin ilk dəfə dekabrın birinci həftəsinin Özbəkistanda “Vətəndaş cəmiyyəti həftəsi” kimi qeyd olunmağa başlandığını deyib: “Məlumat üçün bildirim ki, Özbəkistan Respublikası Prezidentinin 26 avqust 2024-cü il tarixli “Vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyi sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən ölkəmizdə ilk dəfə “Vətəndaş cəmiyyəti həftəsi” keçirilir. Belə bir həftədə bu forumun keçirilməsi isə Özbəkistanda Azərbaycanla münasibətlərə verilən xüsusi əhəmiyyətin daha bir təzahürüdür”.
Əməkdaşlıq forumlarının davamlı olacağını düşünürəm
Kamoliddin İşanxojayev onu da vurğulayıb ki, Özbəkistan və Azərbaycan xalqları arasında münasibətlər müxtəlif istiqamətlərdə qarşılıqlı etimad və hörmət ruhunda möhkəmlənir.
Qeyd edilib ki, xüsusilə də iki ölkə liderlərinin səyləri nəticəsində daha da möhkəmlənən bu əməkdaşlıq vətəndaş cəmiyyəti institutları istiqamətində da uğurla davam edir: “Bu baxımdan Füzulidə əsası qoyulan, Daşkənddə ikincisi keçirilən əməkdaşlıq forumlarının davamlı olacağını düşünürəm. Bunun belə olması üçün həm Özbəkistanın, həm də Azərbaycanın QHT sektoru, o cümlədən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Milli Assosiasiyası və Özbəkistan Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək İctimai Fondu ortaya iradə qoyublar. Bu iradənin olduğunu xüsusi vurğulamaqla yanaşı, eyni zamanda hesab edirəm ki, vətəndaş cəmiyyəti institutları olaraq bizlər dövlət rəhbərlərinin əməkdaşlıq istiqamətində həyata keçirdikləri qətiyyətli siyasətə dəstək olaraq daha çox çalışmalıyıq”.
İlk şərhi yaza bilərsiniz