Press "Enter" to skip to content

İsrail fürsətçilik edir…

Suriya bombalanıb

Son yeniləmə: 10 Dekabr 2024 10:23

BAYRAQDAR MEDİA – Suriyanı 61 ildir zülm altında tutan Baəs rejiminin çökməsinin ardından xalqın rahat nəfəs alacağı gözlənilirdi. Amma belə görünür ki, bu ölkədə hələ həll ediləcək başqa məsələlər də qalıb. Məsələ ondadır ki, qonşu İsrail Suriyanın belə qarışıq bir durumunu fürsət bilərək hücuma keçib. Gələn məlumatlarda bildirilir ki, İsrail ordusu Suriyanın paytaxtı Şam (Dəməşq) şəhərinin 40 km-liyindəki yüksəklikləri ələ keçirib. Bu da azmış kimi, dekabrın 9-10-da İsrail Hərbi Hava Qüvvələri Şam da daxil olmaqla Suriyanın müxtəlif bölgələrinə yüzdən çox aviazərbə endirib. İddia edilir ki, bu zərbələr Bəşər Əsəd rejimindən qalma kimyəvi silah təsislərini məhv etmək üçünmüş…

Hava limanında kimyəvi silah istehsal edilmir…

Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət İsrailin bu davranışını fürsətçilik kimi dəyərləndirir: “Açığı, belə bir tələskənliklə hərəkət etmək İsrailin başqa məqsədlərindən xəbər verir. Hazırda Suriyaya nəzarət edən qüvvələrin hansısa qonşu dövlət, o cümlədən İsraillə nəsə qarşıdurmaya gedəcəyi real görünmür. Çünki onların ölkənin içində həll edəcəyi bu qədər çətin məsələlər varkən durub bir də İsraillə savaşası deyillər ki. Üstəlik də İsrail Suriya hava limanlarını, aviasiyasını məhv edib. Maraqlıdır, hava limanlarında kimyəvi silah istehsal edilirdi? Bəllidir ki, Bəşər Əsəd kimyəvi silahı nəinki istehsal, hətta dinc insanlara qarşı tətbiq də edib. Amma indi onu devirən qüvvələrin belə bir istəyi varmı? Şəxsən mənə görə onlar ümumiyyətlə kimyəvi silahdan imtina edəcəklər. Bu prosesdə İsrail də onlara kömək edə bilərdi. Lakin görünür ki, İsrail Suriyada hazırda hökm sahibi olan qüvvələrlə işləməyə həvəsli deyil”.

Türkiyə biganə qala bilməyəcək…

Azər Həsrət onu da bildirib ki, İsrailin bu fürsətçiliyi Türkiyəni özündən çıxarmağa hesablanmış ola bilər: “Belə hesab edirəm ki, İsrail qardaş Türkiyəni özündən çıxarıb daha radikal addımlara, açıq müharibəyə sövq etməyə çalışır. Bəllidir ki, hazırda Fərat çayının Şərq sahilində nəzarət PKK/YPG terrorçularının əlindədir. İsrailin də onları dəstəklədiyi bildirilir. Mümkündür ki, İsrail bu yolla o bölgədə aparılan təmizləmə əməliyyatını da əngəlləməyi hədəfləyir. Hələ bir iddia da var ki, İsrail öz ərazisindən sözügedən əraziyə dəhliz açmağı hədəfləyir. Hadisələrin belə inkişafında qardaş Türkiyə səssiz qalacaqmı? Çətin. Ona görə də Suriyada hələ çox qanlar axacaq kimi görünür”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.