BAYRAQDAR MEDİA – Məşhədin Vəkilabad zindanında saxlanılan Güney Azərbaycanlı həkim Fərzanə Qarahəsənli həbsxananın karantin bölməsinə köçürülüb. Bu barədə xanım həkimin vəkili Möhsün Bayat xəbər verib. F.Qarahəsənli ilə yanaşı daha üç siyasi məhbus da eyni bölməyə köçürülüb və barələrində məhdudiyyətlər tətbiq edilib.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.
“Karantin bölməsinə köçürülən xanım məhbusların vəziyyəti ağırlaşsa da onların müalicəsi üçün heç bir addım atılmayıb. Buna görə də, Vəkilabad həbsxanasının 6-cı bölməsində saxlanılan siyasi məhbuslar aclıq aksiyası keçirməyə hazırlaşırlar”, – deyə M.Bayat bildirib.
Xatırladılır ki, “Fərzanə Qarahəsənli və həyat yoldaşı Həmid Qarahəsənli 2022-ci ilin sentyabrında başlayan etiraz aksiyalarında hökumət qüvvələrinin öldürdükləri Güney Azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra həbs edilib. Onlar yarıhərbi radikal “Bəsic” üzvünü öldürməklə bağlı saxta ittihamla saxlanılıblar”.
İlk şərhi yaza bilərsiniz