Son yeniləmə: 10 Dekabr 2024 13:05
Dilmurod İzzatov: Özbəkistanla Azərbaycan QHT-ləri arasındakı bu sıx əlaqələr, qurulan əməkdaşlıq Orta Asiyanın digər türk dövlətlərinin QHT sektoru üçün də stimul rolunu oynayacaq
BAYRAQDAR MEDİA – “Biz qardaş dövlətlər və qardaş xalqlarıq. Bu gün Özbəkistanla Azərbaycan arasında qardaşlıq bağlarının hər keçən gün daha da güclənməsini görmək bir xoşbəxtlikdir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının Daşkənd şəhəri regional bölməsinin rəhbəri Dilmurod İzzatov deyib.
Məlumat üçün bildirək ki, Dilmurod İzzatov Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda iştirak edən Azərbaycan nümayəndə heyətinin səfər müddətində bir an belə diqqətdən kənarda qoymadı. Onun nümayəndə heyətinə göstərdiyi istiqanlılıq və xüsusi diqqət barədə səfərlə bağlı reportajımızda ayrıca qeyd edəcəyik. Hələlik isə, Dilmurod bəyin iki qardaş ölkənin QHT sektoru arasındakı əməkdaşlıqla bağlı fikirlərini oxucularımza çatdırırıq.
Beləliklə, BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Daşkənddə artıq ikincisi keçirilən Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunu yüksək dəyərləndirən D.İzzatov bildirib ki, bu cür addımlar dövlət başçılarının qətiyyətli siyasətindən güc alır: “Bəlli olduğu kimi Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev iki qardaş ölkənin, o cümlədən xalqlarımızın daha da yaxınlaşması, birgə addımların atılması üçün uğurlu və qətiyyətli siyasət həyata keçirirlər. Heç şübhəsiz hər bir siyasətin həyata keçirilməsində dövlət iradəsi ilə yanaşı xalqın, ictimai sektorun dəstəyi də öz rolunu oynayır. Bu baxımdan hesab edirəm ki, bizlərin – Özbəkistanın və Azərbaycanın QHT sektorunun üzərinə mühüm vəzifələr düşür. Ötən il Füzulidə, bu il isə Daşkənddə keçirilən forumlar, səslənən təkliflər və qarşıya qoyulan hədəflər isə bu baxımdan ümidvericidir. Görünən odur ki, bizim də təmsil olunduğumuz qardaş ölkələrin QHT sektorları üzərilərinə düşən vəzifələrin məsuliyyətini dərk edir və bu istiqamətdə inamlı addımlar atmaqda qərarlıdırlar”.
D.İzzatov deyib ki, atılan addımlar, artıq ikincisi keçirilən əməkdaşlıq forumları gələcəyə daha inanmla baxmağa əsas verir: “Eyni zamanda düşünürəm ki, Özbəkistanla Azərbaycan QHT-ləri arasındakı bu sıx əlaqələr, qurulan əməkdaşlıq Orta Asiyanın digər türk dövlətlərinin QHT sektoru üçün də stimul rolunu oynayacaq. Tezliklə həm Orta Asiyanın türk dövlətlərinin QHT-lərinin öz aralarında, həm də Azərbyacan və Türkiyə QHT-ləri ilə ikitərəfli əməkdaşlıqlar quracağına inanıram”.
İlk şərhi yaza bilərsiniz