BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da qardaş Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana zəng edib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Bildirilir ki, “söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar”.
Dövlət başçısı R.T.Erdoğanın və Emine xanım Erdoğanın Azərbaycanda keçirilmiş COP29 konfransının liderlər sammitində fəal iştirakını məmnuniyyətlə qeyd edib, geniş tərkibli Türkiyə nümayəndə heyətinin konfransın işinə əsaslı töhfələr verdiyini vurğulayıb.
R.T.Erdoğan öz növbəsində COP29-un uğurla keçirilməsi və danışıqlar prosesində əldə olunmuş nəticələr münasibətilə İ.Əliyevə təbriklərini çatdırıb.
Danışıq əsnasında Güney Qafqaz və Yaxın Şərqə məsələlərinə toxunulub, Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.
Dövlət başçıları Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.
“Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib”, – deyə xəbərdə bildirilir.
R.T.Erdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.
Həmçinin iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
İlk şərhi yaza bilərsiniz