Press "Enter" to skip to content

Azərbaycan İsraillə Türkiyə arasında vasitəçilik edir

Hikmət Hacıyev

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev İsrailə səfər edib, Prezident İsaak Hersoq da daxil olmaqla yüksək səviyyəli rəsmilərlə görüşlər keçirib.

Hikmət Hacıyev İsrail Prezidenti ilə görüşüb

Səfər və onun əsas məqamları ilə bağlı siyasi şərhçi Azər Həsrət mediada paylaşım edib. Maraqlı olacağını nəzərə alaraq BAYRAQDAR MEDİA paylaşımın mətnini dəyərli oxucularına təqdim edir:

“Bu günlərdə Prezidentin köməkçisi Hikmət Hacıyevin İsrailə səfəri oldu. Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyəsini nəzərə alaraq bunu adi bir səfər kimi də qiymətləndirmək olardı. Amma səfər dövründə Suriyada cərəyan edən proseslərə diqqət yetirdikdə, məsələnin belə bəsit izahı üçün əsas olmadığı aydın görünür.

Məlumdur ki, son 10 gündə Suriyada cərəyan edən proseslər həm Bəşər Əsəd rejiminin süqutu, həm də İran və Rusiyanın bu ölkədən çıxarılması ilə nəticələndi. Bir tərəfdən qardaş Türkiyə, digər tərəfdən də dost İsrail faktiki olaraq Suriyada həmsərhəd oldular. Təbii ki, hazırda Türkiyə ilə İsrail arasında mövcud gərginlik səbəbindən bəzi analitiklər bu iki ölkə arasında toqquşma baş verəcəyini də ehtimal etdilər.

Buna görə də düşünürəm ki, Hikmət Hacıyevin İsrailə səfəri zamanı üzərinə qoyulmuş vəzifələrdən biri də anlaşılmazlığın yaranmaması və mümkün insidentlərə yol verilməməsi üçün Türkiyə və İsrail arasında vasitəçilik missiyası olub.

Xatırlatmaq istərdim ki, Qəzza bölgəsində məlum 7 oktyabr 2023 hadisələrinə qədər məhz Azərbaycanın vasitəçiliyi ilə Türkiyə-İsrail münasibətlərində normallaşma yaranmışdı. Lakin Qəzza olayları duruma ciddi mənfi təsir göstərdi və iki ölkə arasında münasibətlər yenidən pozuldu.

Hazırda da hadisələrin sürətli inkişafını, həm Türkiyənin, həm də İsrailin Suriyada mövqelər əldə etdiyini, digər tərəfdən İranın bu ölkədə hələ də təsir imkanlarını saxlamağa cəhdlər göstərdiyini nəzərə alaraq, belə bir missiyaya ehtiyac var idi.

İndi müşahidə olunan nisbi sakitlik onu deməyə əsas verir ki, Hikmət Hacıyevin səfəri zamanı hələlik iki ölkə arasında maraqları uzlaşdırmaq və yaxud da onları mümkün gərginlikdən sığortalamaq mümkün olub.

Bu da onu deməyə əsas verir ki, Azərbaycan dünyanın gündəmini zəbt etmiş daha bir prosesə çox dəyərli töhfə verdi. Zənnimcə, ağıllı, uzaqgörən diplomatiya həyata keçirən Azərbaycanın artıq regional çərçivədən çıxaraq qlobal proseslərin fəal iştirakçısına çevrildiyini deyənlər heç də yanılmırlar”.

Əlavə edək ki, bu paylaşımdan sonra Azərbaycan Prezidentinin qardaş Türkiyə Cümhurbaşqanı ilə telefon danışığı haqqında xəbər yayılıb. Xəbərdə həm də Suriya ilə bağlı diqqət çəkən məqamların müzakirə olunduğu bildirilir…

Azərbaycan Türkiyə ilə birlikdə Suriyaya yardımçı olacaq

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.