BAYRAQDAR MEDİA – “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova qardaş Qazaxıstan və Türkiyədən, eləcə də doğma Kərkükdən (İraq) olan bir qrup aydınla görüşüb. Könül süfrəsi ortamında keçirilən görüşdə, həmçinin Azərbaycandan olan bir qrup tanınmış aydın, vətəndaş cəmiyyəti qurumlarının başçıları iştirak edib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Birlikdən verilib.
Bildirilir ki, “imzası Azərbaycanda, türk dünyasında yaxşı tanınan aydınlar – Qazaxıstan Parlamenti Senatının üzvü, Senatın Beynəlxalq münasibətlər, Müdafiə və Təhlükəsizlik Komitəsinin katibi, akademik Darxan Qıdırali, Türkiyənin tanınmış araşdırmaçı-yazarı, təhlükəsizlik eksperti Abdullah Ağar və Kərkükün, ümumən İraq-Türkman ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi Şəmsəddin Kuzəçi ilə görüş türk dünyasının yaxın keçmişi, bu günü və gələcəyi ilə bağlı maraqlı mükalimələr, sual-cavablarla süslənib”.
O da qeyd edilir ki, “RHİMİB-in fəaliyyətinə yaxından bələd olduqlarını bildirən aydınlar Birliyin öz adına, mandatına uyğun səmərəli çalışmalarını təqdir edib, qurumun timsalında Azərbaycanın bütün konstruktiv mövqeli vətəndaş cəmiyyəti institutlarına yeni uğurlar diləyiblər”.
“Sonra “Yeni Müsavat” Media Qrupunun qurucu-baş redaktoru, Əməkdar jurnalist Rauf Arifoğlu, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı, “Türküstan” qəzetinin qurucu-baş redaktoru Aqil Camal, “TURAN – Araşdırmalar Mərkəzi”nin başqanı, araşdırmaçı-yazar Cavid Ə. İsmayıl, “Qafqaz TV”nin və “ÇÖLÇÜ – Milli Mədəni İrsin İnkişafı” İctimai Birliyinin başqanı Eltən Törəçi, Dünya Gənc Tqrk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, iş adamları Fərhad Cegil, Nizami İbrahimov öz ürək sözlərini bölüşüb”, – deyə xəbərdə bildirilir.
Sonda qeyd edilir ki, “türk dünyası aydınları və konstruktiv mövqeli vətəndaş cəmiyyəti qurumları ilə qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələrə, səmərəli işbirliyinə önəm verən RHİMİB-in bu görüşü COP29-dan sonra və yeni təqvim ili ərəfəsində keçirilməsi ilə də xüsusi məna daşıyır. “Yaşıl dünya naminə həmrəylik İli” və Şuşanın islam dünyasının Mədəniyyət paytaxtı statusu daşıdığı ildə həm hesabatlılıq, həm də gələcək yönümlü fikir alış-verişi hər kəsi məmnun edir. Bu yöndə danışan RHİMİB sədri Arzu Bağırova, ictimai-mədəni, elmi və maarifləndirici əməkdaşlıq sahəsində xidmətlərinə görə akademik Darxan Qıdırali, araşdırmaçı-yazarlar Abdullah Ağar və Şəmsəddin Kuzəçini Birliyin özəl hazırlanmış plaketləri ilə təltif edib, onlara yeni uğurlar arzulayıb”.
Tədbirin sonunda akademik Darxan Qıdırali öz yeni kitabını Arzu Bağırova üçün imzalayıb. Həmçinin İntiqam Yaşar Darxan Qıdıraliyə “DGTYB -25” yubiley medalını, Şəmsəddin Kuzəçi isə Aqil Camala Kərkük Kültür Vəqfinin “Fəxri Fərman”ını təqdim edib. Görüşdə RHİMİB-in sədr müavini Nilufər Lətif və koordinatoru Gülər Kazımova da iştirak edib.
İlk şərhi yaza bilərsiniz