BAYRAQDAR MEDİA – Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Dövlət Turizm Agentliyinin (DTA) birgə təşkilatçılığı ilə Qızılağac Milli Parkında növbəti “Flaminqo festivalı” keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirin keçirilməsində məqsəd Qızılağac Milli Parkının, eləcə də digər xüsusi mühafizə olunan təbiət ərazilərinin ekoturizm potensialını nümayiş etdirmək, biomüxtəlifliyin qorunmasının vacibliyini təbliğ etmək, eyni zamanda, turizmin inkişafına dəstək verməkdir. ETSN-in, DTA-nın rəsmilərinin, eləcə də milli parkı ziyarət edən turistlərin iştirak etdiyi festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırkı vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri nümayiş olunub ki, bu da iştirakçılara Azərbaycandakı milli parkların flora və faunası ilə virtual tanışlıq imkanı yaradıb”.
Qeyd edək ki, qonaqlar üçün Qızılağac Milli Parkı ərazisində qayıq və kvadrasikllarla gəzinti təşkil olunub, eyni zamanda ziyarətçilər körfəz ərazisində quş koloniyalarını müşahidə edib. Festival çərçivəsində 200 minə yaxın çəkikimi balıq körpəsi Qızılağac Milli Parkının körfəz ərazisinə buraxılıb.
İlk şərhi yaza bilərsiniz