Son yeniləmə: 9 Dekabr 2024 10:49
TİKA prezidenti Serkan Kayalar da açılışda iştirak edib
BAYRAQDAR MEDİA – Azərbaycana səfərinin ikinci günündə Gəncə şəhərinə səfər edən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Serkan Kayalar TİKA-nın Gəncə Tibb Kollecinin nəzdində yaratdığı Gənclik Mərkəzinin açılışını edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, “1931-ci ildə Gəncədə qurulan və tibb sahəsində Azərbaycandakı ilk ali məktəb səviyyəsində olan Gəncə Tibb Kollecinin nəzdində TİKA tərəfindən qurulan Gənclik Mərkəzinin açılışında TİKA prezidenti Serkan Kayalar, Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə millət vəkili Pərvin Kərimzadə, TİKA Orta Asiya və Qafqaz şöbəsinin müdiri Ali Özgün, Gəncə Tibb Kolleci Müdiri Mehman Rızayev və TİKA-nın Bakı koordinatoru Hayrettin Özçelik iştirak edib”.
Məlumata əsasən, açılışda çıxış edən TİKA prezidenti S.Kayalar, “Başqaları üçün faydalı bir iş görməyə, şam kimi yanmağa hazır olaq” deyir Nizami Gəncəvi. TİKA olaraq insanlara harada olurlarsa olsunlar, onlara çatmağa və onların gülümsəməsinə çalışırıq. Biz bu mərkəzi sizə, gənclərə həvalə edirik və istəyirik ki, ondan istədiyiniz qədər faydalanasınız, istədiyiniz qədər araşdırasınız, öyrənəsiniz, əylənəsiniz, dincələsiniz” deyib.
Məlumatda deyilir ki, açılışdan sonra Gənclər Mərkəzində kollecin tələbələrinin ifasında musiqi və rəqs nömrələri təşkil olunub.
Qeyd edək ki, TİKA tərəfindən yaradılan Gəncə Tibb Kolleci Gənclik Mərkəzində tələbələrin elektron kitabxanalara çıxışı üçün kompüter infrastrukturu, musiqi və ifaçılıq sənətində istifadə üçün səs sistemi və musiqi alətləri, tələbələrin təhsil alarkən istifadə etmələri üçün yeməkxana və mətbəx avadanlığı var.
İlk şərhi yaza bilərsiniz