Press "Enter" to skip to content

Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir!

Namiq DƏLİDAĞLI

Son yeniləmə: 6 Dekabr 2024 14:26

BAYRAQDAR MEDİA bu dəfə yurd həsrətli şair Namiq DƏLİDAĞLInın şeirlərini təqdim edir.

Turan şərqisi

İndi bütün dualar
yönü qibləyə
Turan eşqinə oxunur.
Tanrı hüzurunda
səcdədədi Türk.

Turan sevdası sınır tanımır –
dünyanın yaxası əlimizdədi.
Ulu bir tarixin silinməz
rəqəmləri üstdə ayaqdadı Türk:
zaman Tezliklə, məkan Cahan.

Anaların bətnində qan
yaddaşı yetişir,
qan yaddaşı doğulur.
Yaddaş bağları təzələnir
aşiqlərin könlündə….
Sevinc nəməri paylayırıq,
Turan eşqinə.

Bütün aydın sabahlar
QURD üzünə açılsın.
İçimdə Türk sevdası var,
bütün sevdalardan öncə…

Ayrılıqlar

…Uzun ayrılıqlar
vağzallardan başlayır…
Qatarların, təyyarələrin…
çiyinlərində
daşınır şəhərlərə…
Vağzallarda doğulur,
daşınır ayrılıqlar.

…Divarların yaxasına
mıxlanmış tablolar
alın yazımız sanki.
Böcək gözlü işıqlar
tale yolumuzu aydınlaşdırır.

Yellənən əllər və “hələlik” sözü
ayrılığın təsdiqidi burda.
Hər qərib baxışın rəsmi cızılır
vağzal divarlarına.
Gedənlərin dilində vağzal
bayatısı – ikicə kəlmə:
“mən getdim….”

Türkün şeiri

Çəkmədiyim zillət yox,
daha öndə zülmət yox.
Türkdən böyük millət yox,
“Tanrı Türkü qorusun!”

Sevməyənlər kor olsun,
dost var, düşmən xar olsun,
Tanrı Türkə yar olsun,
“Tanrı Türkü qorusun!”

Çəkmirəm acı, ağrı,
çatlasın düşmən bağrı,
yolum göylərə doğru,
“Tanrı Türkü qorusun!”

Əllidən, mindən belə,
səndən və məndən belə,
Altaydan, Çindən belə,
“Tanrı Türkü qorusun!”

Bölgə-bölgə Turandı,
bütün ölkə Turandı,
dünya Türkə Turandı,
“Tanrı Türkü qorusun!”

Nə yoruldum, nə durdum,
sevgim çox sənə, yurdum,
yaşar olsun Boz Qurdum –
“Tanrı Türkü qorusun!”

Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir!

İlahi, sənə şükür, diləyimiz çin oldu,
Kəlbəcərə dönürük…
İllərdi gözləyirdik, bu gün, həmin gün oldu-
Kəlbəcərə dönürük…

Möcüzə yaranıbdı – sirr qayası, sirr daşı,
bu yurdun əvəzi yox – dür qayası, dür daşı.
Şəhid-şəhid göyərən hər qayası, hər daşı –
Kəlbəcərə dönürük…

Kimin düşsə bu yerə güzarı – sevinəcək,
qalmayacaq ağrısı-azarı, sevinəcək.
…Uluların torpağı-məzarı sevinəcək,
Kəlbəcərə dönürük…

Var olsun milli ordum, zəfər çalıb gəlirik,
düşmənə qan uddurub, qisas alıb gəlirik,
məğlub kimi çıxmışdıq, qalib olub gəlirik –
Kəlbəcərə dönürük…

Günahkar tək yanına salıb qol-qanadını,
xəcalət çəkib deməz daha heç kim adını,
tarixin arxivinə atdıq “köçkün” adını,
Kəlbəcərə dönürük…

Acısını dadmışıq görün neçə il qəmin,
daha ağrısın çəkmir ürək dərdin, dil qəmin,
gözü aydın Şahbazın, gözü aydın Dilqəmin,
Kəlbəcərə dönürük…

Ta deyilsən yağıya girov, hər vaxtın xeyir,
görməz başın çən-duman, qırov, hər vaxtın xeyir,
Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir,
Kəlbəcərə dönürük…

15.11.2020

Şəhid səsi

Vətən Şəhidlərimizin doğma ruhuna sayğıyla…

O gün sükut xor oxuyurdu – sükut
o gün sükut xor oxuyurdu – qulaqbatıran
o gün bütün nəğmələr
səssizliyə köklənmişdi
bütün səslər sükut
nəğməsi oxuyurdu
səsi batan saatın
əqrəbləri səssiz çırpınırdı
bütün telefon zəngləri
səssizliyə qurulmuşdu
Qulaqlar səssizliyə şəklənmişdi
quşların səsi boğazına tıxanmışdı
bütün güllələr səssizliyə açılırdı

…Təyyarələrin səsini buludlar;
maşınların səsini yollar;
qatarların səsini relslər;
gəmilərin səsini dənizlər;
çayların səsini daşlar;
arıların səsini çiçəklər;
vüsalın səsini
ayrılıqlar udmuşdu…
dalğaların səsini qağayılar;
qağayıların səsini
dalğalar udmuşdu.

…Dizə qədər sükuta batmışdı səssizlik
sonra bütün səslər açıldı
Sən bütün səslərin
ucalığındasan – sükut səsinlə, Şəhidim
bütün səslər batacaq – sənin səsindən başqa!

…Evimdə yata bilmədim!

Yağı düşmən yurd yerlərimizi vəhşicəsinə talayıb. Evlərimizi söküb-dağıdıb. Demək olar ki, daşı daş üstündə qoymayıb qalsın. Doğulub boya-başa çatdığım doğma ocağı ziyarət etmək fürsətim oldu. Ancaq uşaqlıq və gənclik xatirələrim divarlarına hopan evimizdə bircə gecə qalmaq imkanım olmadı.

Şər qarışdı, axşam düşdü,
evimdə yata bilmədim.
Yorğun-arğın yol gəlmişdim –
evimdə yata bilmədim…

İllərdi ki, həsrət çəkən,
dam-daşına qubar çökən,
atam tikən, düşmən sökən,
evimdə yata bilmədim.

Taledi – bir sınaq kimi,
qınaq yox bu qınaq kimi –
bircə gecə qonaq kimi
evimdə yata bilmədim…

Sərin-sərin yuxum gəldi,
yeri sərin, yuxum gəldi,
elə şirin yuxum gəldi,
evimdə yata bilmədim.

Gözlərimdən min ah dərən –
yuxularım pərən-pərən.
Xatirələrim bar verən,
evimdə yata bilmədim.

Arzuma çatıb – dincəldim,
başımı qatıb dincəldim.
çöllərdə yatıb dincəldim,
evimdə yata bilmədim!

Avqust 2021

Söz verib gedən oğlan

“…Bir qız status paylaşıb ki, 30 ilə alınmayan Qarabağı aldılar, məni alan olmadı. Mən burdan o xanıma səslənirəm: Gözəl insan, gözəl xanım, sən gecə-gündüz dayanmadan əsgərlərimiz üçün dua elə, Qarabağ alınsın, səni mən özüm alacam”, – deyən Şəhid Daşqın Şəfiyevin unudulmaz xatirəsinə…

Savaşda Ana yurdun
dadına yetən oğlan.
Canı, qanı, ruhu,
varlığı – Vətən oğlan!

Vətənlə bir can oldun,
gülləyə nişan oldun.
Sinəsi şan-şan oldun,
yaralı bədən oğlan!

– Onu alacam – dedin,
yalanmı çıxdı vədin?!
Niyə geri dönmədin,
dönmədin nədən, oğlan?!

O qız pozdumu andı,
kim deyir adaxlandı?!
Dönəcəksən – inandı,
söz verib gedən oğlan…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.