BAYRAQDAR MEDİA – Sadəcə təəssüf. Amma iş ondadır ki, məsələ təəssüflə həllini tapa bilməyəcək. Bilməz də.
Yenə də xəbərlər yayılıb ki, bəzi jurnalistlər – fəallar həbs edilib. Şəxsən tanıdıqlarım da var aralarında. Heç tanımadığım, həm də çox gənc olanları da.
Rəsmi xəbərlərdə bu şəxslərin qaçaqmalçılığa – ölkəyə qanunsuz xarici valyuta gətirməyə görə saxlanıldığı deyilir. Şəxsən mənim bunu şübhə altına almaq fikrim yoxdur.
Bu da səbəbsiz deyil. Çünki illərdir bir sıra vətəndaş cəmiyyəti fəalları və jurnalistlərin Azərbaycan qanunlarına zidd olaraq xaricdən maliyyə alması ilə bağlı həyəcan təbili çalınır. Hətta xəbərdarlıqlar da edilir ki, bəlkə bu adamlar belə əməllərdən çəkinə…
Çəkinmirlər. Çəkinməmək bir yana, heç veclərinə də almırlar. Sanki Azərbaycan dövlətinin qanunları (kiminsə xoşuna gəlməyə bilər, amma yenə də əməl edilməlidir) bunlara aid deyil.
…Əslinə qalanda Azərbaycan qanunlarını heçə saymağın yolu yox deyil. Bunun üçün vətəndaşlıqdan çıxırsan, qanunlarını sevdiyin bir ölkədə vətəndaşlıq alıb xoşbəxt olursan. Lakin bu ölkənin vətəndaşısansa, zəhmət çək, qanunlara baş əy, onları pozma!
ABŞ və BK səfirlərinə tövsiyə…
…Bilməyənlər üçün deyim ki, bu həbslər barədə məlumatları hamıdan qabaq Azərbaycandakı ABŞ və Birləşmiş Krallıq səfirləri yayır. Sanki bu adamların işi Azərbaycanla diplomatik münasibətləri təmin etmək deyil, kimlərinsə hüquqlarını öz ağıllarınca “müdafiə” etməkdir. Belə olan halda ABŞ səfiri Mark Libbi və Birləşmiş Krallığın səfiri Fergus Aldoya məsləhət görərdim ki, diplomatik xidmətdən istefa verib (Mark Libby istefa verib artıq) hüquq müdafiəsi ilə məşğul olsunlar. Amma bu sahənin illərin təcrübəsinə sahib bir fərdi kimi onu da məsləhət görərdim ki, əldə tutarlı dəlillər olmadan Azərbaycan dövlətini “repressiya”da ittiham etməsinlər…
…Belə bir durumda dəyərli oxuculara bir məqamı xatırlatmaq istərdim. İllər öncə Azərbaycanda xaricdən maliyyələşmənin şəffaflaşdırılması, zərərli xarici mərkəzlərin dövlətin daxili işlərinə müdaxiləsinin qarşısının alınması üçün gərəkli addımlar atılırdı. Bu addımlara uyğun olaraq hər kəs qanun çərçivəsində davranmalı idi. Amma bəzi şəxslər və qüvvələr Azərbaycanın belə yanaşmasını qulaq ardına vurmağa davam edirdi və indi də edir.
Yəni bəlli bir müddətdə, əslində Azərbaycan qeyri-şəffaf maliyyələşən şəxslərə və qurumlara vaxt tanıdı ki, fəaliyyətlərini hüquq müstəvisinə daşısınlar. Amma heyhat! Qanundan, şəffaflıqdan, ədalətdən danışan belələri bunu heç veclərinə də almadılar, hələ üstəlik dövləti hər şeyi nəzarətə almaqda ittiham etdilər. Dövlətsə dövlətdir, yenə də təmkinli yanaşdı, bir az daha fürsət tanıdı onlara.
Gizli pullar alıb öz dövlətinə qarşı çıxanlar…
Beləcə gəlib çıxdıq 2020-ci ilin 44 günlük Vətən Savaşı günlərinə. Bax, məhz o günlərdə və ondan sonra keçən müddətdə həmin o şəffaflıqdan qaçanların əsl siması üzə çıxdı!
Bu adamlar Azərbaycan oğullarının qan və can bahasına Vətən torpaqlarını işğaldan azad etməsinə sevinmədilər! Sevinməmələri bir yana, bəziləri hələ üstəlik ermənilərlə səs-səsə verib Azərbaycanı o “məzlum” millətə qarşı soyqırımda, etnik təmizləmədə ittiham etdilər!
Yəni Azərbaycanın ən say-seçmə, igid oğulları bir tərəfdə canlarını fəda etdilər ki, torpaqlarımız azad edilsin, on illərdir davam edən namus ləkəsi təmizlənsin, bunlar da məhz vətəndaşı olduqları ölkəyə, onun dövlətinə, şəhidlərinə qarşı erməni cəbhəsində yer almağa davam etdilər!
O dövrdə də demişdim, indi də təkrarlayıram: Azərbaycan qanunlarına uyğun olaraq ölkədə akkreditasiyası olmayan xarici media təmsilçilərinin fəaliyyətinə izn verilməməlidir! Zəhmət çəksinlər, Xarici İşlər Nazirliyində uyğun qeydiyyatdan keçsinlər, nümayəndə təyin etsinlər və ya büro açsınlar, ondan sonra da qanun çərçivəsində fəaliyyət göstərsinlər!
Şəffaflıqdan danışanların özləri şəffaf deyil axı…
Kimsə mənə demokratiya nağılı danışmasın! Repressiyadan danışan ABŞ-də, Birləşmiş Krallıqda siz gedib belə özbaşına fəaliyyət göstərə bilərsinizmi? Yaxud da o dövlətlərin vətəndaşları belə fəaliyyətlə dövlətdən gizli məşğul ola bilərmi? Hələ üstəlik o dövlətlərin vətəndaşları dövlətdən gizli maliyyə ala, bəyan etmədən xərcləyə bilərmi? Əsla! Elə isə necə olur ki, Azərbaycana gələndə bu fəaliyyətə görə həbslər “repressiya” hesab edilir, ABŞ və bənzər dövlətlərdəsə qanunun aliliyinin təmini?
Hə, bir də o var ki, bu dövlətlər öz ərazilərində şəffaflıq tələb etsə də özlərinə aid maliyyənin xaricdə xərclənməsini ciddi şəkildə gizlədirlər. Örnək üçün ABŞ-nin Milli Demokratiya Fondunun (National Endowment for Democracy – NED) saytına göz gəzdirin. Orada yazılıb ki, “NED öz qurucularının xaricdə demokratiyanın təşviqinin açıq gerçəkləşdirilməsi inancına uyğun olaraq yüksək dərəcəli şəffaflıq və hesabatlılıq şəraitində fəaliyyət göstərir”.
Doğrudanmı? Elədirsə, bu qurumun saytında qrantların kimə – hansı qurumlara və hansı məbləğdə verilməsi ilə bağlı məlumatlar niyə gizli tutulur? Mən heç nə demirəm, dəyərli oxucularımız açsınlar o saytı, baxsınlar. Tapa bilən olsa, lütfən mənə də xəbər versin.
NED-in saytındakı bu “gizlilik” də təsadüfi deyil əslində. Çünki illər öncə biz məsələ qaldırmışdıq ki, Azərbaycana ayrılan qrantlarla bağlı şəffaflıq yoxdur. Qurumun saytında qrantların məbləği və istiqaməti göstərilirdi. Amma hansı quruma ayrıldığı gizli tutulurdu. Halbuki digər ölkələrə ayrılan qrantlarda belə deyildi. Orada qrantı alan qurumun adı da qeyd edilirdi…
Bizim daha artıq şəffaflıq tələbimiz NED-i geri çəkilməyə, ümumiyyətlə qrant alanlarla bağlı məlumatları gizlətməyə sövq edib. Halbuki biz özlərinin bəyan etdikləri prinsiplərə uyğun olaraq daha artıq şəffaflıq gözləyirdik…
Onlara qeyri-şəffaf maliyyələşdirmə olarmış…
Bütün bunları ABŞ səfirinin başqa Qərb ölkələri səfirləri ilə səs-səsə verib Azərbaycanı repressiyada ittiham etməsinə görə yazırıq. Həm də əlavə edirik ki, ABŞ-də (elə başqa Qərb dövlətlərində də) təkcə NED deyil, bir çox qurumlar məhz belə gizli – qeyri-şəffaf maliyyələşdirmə ilə məşğuldur.
Belədə sual olunur: əgər bunların işi qanunsuz deyilsə, niyə gizli saxlayırlar? Niyə şəffaf deyillər?
Daha bir sual: Azərbaycanda belə qurumlardan gizli yolla pul alıb həbs edilənlər bunu bilmirdilərmi? Bilirdilər. Elə isə niyə o pulları alırdılar?..
Görürsünüzmü, araşdıranda nələr çıxır ortalığa? Belə dövlətlər, onların səfirləri ölkəmizin içində özlərinə bəlli bir şəbəkə qurublar. Bu şəbəkəyə könüllü şəkildə qoşulanlar da yox deyil. İndi onlarla bağlı öz dövlətimiz qanun çərçivəsində tədbir görür, yenə də səs-səsə verib dünyanı ayağa qaldırıblar.
Sonda: İllərdir deyirəm ki, “Meydan” TV, “Azadlıq” Radiosu kimi qurumların Azərbaycanda rəsmi akkreditasiyası yoxdursa, onların adından fəaliyyət göstərməyə də izn verilməməlidir. Amma nə görürük? Dövlətimiz hətta onlara da yetərincə təmkinli yanaşdı və nəticədə rəsmi akkreditasiya olmadan belə COP29 kimi nəhəng bir tədbirdə o qurumların jurnalistləri də rahatca müşahidə apara bildi. Necə oldusa, “repressiv” Azərbaycan dövləti qanunsuz fəaliyyət göstərənlərə belə bu şəraiti yaratdı…
İlk şərhi yaza bilərsiniz