BAYRAQDAR MEDİA – Dekabrın 5-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Peşəkar Çövkən Liqasının mövsüm finalı keçirilib.
Xəbəri Dövlət Sərhəd Xidməti sözügedən quruma istinadla yayıb.
Finalda son turun oyunları, 3-cü yer və çempionluğu müəyyən edəcək həlledici qarşılaşma olub.
Həyəcan dolu görüşlərin hər biri böyük coşğu və maraqla izlənilib.
Xəbərdə deyilir ki, günün ilk oyunu “Elit” və “Şirvan” komandaları arasında olub və “Elit” 5-0 hesabla qalib gəlib. “Omar” və “Qarabağ” komandaları arasındakı oyunda isə 0-7 hesabı ilə “Qarabağ” komandası qalib gəlib.
Qarşılaşmalarda “Zəfər” 5-0 “Ağstafa Dilbaz”, “Polad” 12-0 “Köhlən” hesabları qeydə alınıb.
Günün son, mövsümün isə final oyunu “Sərhədçi” 13-0 “Embawood” komandaları arasında keçirilib. “Sərhədçi” əzmkarlıq edərək böyük xal fərqi ilə “Embawood”a qalib gəlib və mövsüm başa çatıb.
Mövsüm sonunadək keçirilmiş ümumilikdə 18 turda 90 oyunda əldə edilmiş nəticələrə əsasən Peşəkar Çövkən Liqasının turnir cədvəlində “Sərhədçi” komandası birinci, “Polad” komandası ikinci, “Zəfər” komandası isə üçüncü yerdə qərarlaşıb.
Bildirilir ki, 14-24 dekabr 2024-cü il tarixlərində çövkən üzrə ənənəvi Prezident kuboku keçiriləcəkdir.
İlk şərhi yaza bilərsiniz