BAYRAQDAR MEDİA – Mənzil İnşaatı üzrə Dövlət Agentliyi – MİDA-nın onlayn mənzil satışında əsas parametr İLK mənzilin neçənci saniyədə satılmasıdır.
Onlayn satış başlayan andan ilk mənzilin neçənci saniyədə satılması ilə bağlı MİDA hesabatlarında 2 parametr var: mənzilin sistemdə tapılaraq BAXIŞ keçirilməsi və mənzilin TƏSDİQLƏNMƏSİ.
Mənzilin BAXIŞ üçün seçilməsi, onlayn satış düyməsi basılan andan vətəndaşın sistemə daxil olub axtarış verərək istədiyi mənzilin tapılması müddətini göstərir.
Məhz bu, ilk mənzilin neçənci saniyədə satıla biləcəyini göstərən ƏSAS parametrdir.
Yəni iddiaçı mənzilə BAXIŞ edirsə, artıq o, daha tez sistemə daxil olub, axtarış verib və mənzili tapıb, artıq onu gözaltı edib, bu mənzil artıq digərlərinin axtarışında görünmür. İddiaçı mənzilə baxışını – seçimini istəsə həmin an, istəsə bir qədər gec də təsdiqləyə bilər. Yəni bu parametr, əslində real olaraq ilk alış saniyəsi olaraq qəbul edilə bilər.
2-ci parametr məhz baxış keçirilən mənzilin seçiminin-alışının TƏSDİQLƏNMƏSİDİR.
Elə ola bilər ki, vətəndaş 4-cü saniyədə mənzilə baxışa başlayıb, lakin təsdiq ya 4-cü saniyədə, ya 7-ci saniyədə, yaxud da 40-cı saniyədə ola bilər. Bu parametr İLK satışın neçənci saniyədə baş tutması üçün elə də əhəmiyyət kəsb etmir.
MİDA-nın açıqladığı hesabatların və statistikaların əksəriyyətində bu parametrlər görünür.
Beləliklə, MİDA-nın indiyədək olan satışlarında İLK MƏNZİL SEÇİMİ ilə bağlı statistikanı təqdim edirəm.
MİDA tərəfindən mənzillərin onlayn satışlarına başlanılan andan İLK mənzilin BAXIŞ üçün seçilməsi müddəti aşağıdakı kimi olub:
06.12.2024, (Sumqayıt, Lənkəran) – nəticə hələlik məlum deyil
16.12.2023, (Hövsan, 1-ci) 32-ci saniyədə
16.12.2023, (Hövsan, 2-ci) 22-ci saniyədə
16.12.2023, (Gəncə) 28-ci saniyədə
16.12.2023, (Sumqayıt) 30-cu saniyə
29.07.2023, (Yasamal) 29-cu saniyədə
29.07.2023, (Hövsan ) 30-cu saniyədə
24.09.2022, (Yasamal) 30-cu saniyədə
15.09.2022, satış baş tutmayıb
30.03.2022, satışın nəticələri ləğv edilib
01.07.2021, (Hövsan ) 5-ci saniyədə
18.12.2020, (Hövsan ) 10-cu saniyədə
10.09.2020, (Hövsan), 10-cu saniyədə
30.06.2020, (Hövsan) 11-ci saniyədə
25.12.2019, (Yasamal) 11-ci saniyədə
16.10.2019, (Yasamal) 9-cu saniyədə
12.07.2019, (Yasamal) 4-cü saniyədə
29.04.2019, (Yasamal) 4-cü saniyədə
25.01.2019, (Yasamal) ağlabatan nəticə açıqlanmayıb
05.09.2018, (Yasamal) ağlabatan nəticə açıqlanmayıb.
Cədvəldən görünür ki, MİDA-nın onlayn satış sistemi ilkin dövrlərdə botlara qarşı elə də təkmil olmayıb. Düşünmək olar ki, bu dövrlərdə botlardan və seçim prosesini sürətləndirən digər üsullardan istifadəyə daha çox imkanlar olub.
DTX və MİDA 30 mart 2022-ci il tarixli satışa kənar şəxslərin qanunsuz müdaxiləsi olduğunu bildirmiş, satışın nəticələri ləğv edilmiş və həbs edilənlər olmuşdu.
Məhz bundan sonra, 24 sentyabr 2022-ci ildən başlayaraq MİDA sistemdə köklü texnoloji dəyişikliklər edib.
MİDA-nın hazırkı satış sistemi, insan amilinin rolunun məhdudlaşdırılması və şəffaflıq üçün texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir.
Lakin İT bacarıqlarla bağlı sistemin mahiyyətində ədalətsizlik olduğundan yeni, alternativ satış üsullarına ehtiyac var. Sistemin təkmilləşdirilməsi istiqamətində MİDA-ya və hökumətə təkliflər verilib.
Sözardı: Bir neçə gün öncə hökumət kritik hesab oluna biləcək informasiya sistemlərinin siyahısını təsdiq edib. Siyahı açıqlanmayıb. Amma uyğun qanunvericiliyin tələbləri baxımından MİDA informasiya sisteminin də kritik perimetrə, yəni DTX və XRİTDX -nin nəzarəti altına keçdiyini düşünmək olar.
İlk şərhi yaza bilərsiniz