Son yeniləmə: 5 Dekabr 2024 15:44
BAYRAQDAR MEDİA Xaçmazdakı Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin üzvü, tanınmış şair Məmməd QƏDİRin könül parçalayan şeirini təqdim edir:
Sənin bu gününü görməzdim kaş ki,
Yer ilə yeksansan, ay ata evim.
Uçulub, qalmayıb daş üstdə daş ki,
Əlvida söyləyib həyata evim.
Nə qədər yalvardım, sökməyin, nolar,
Özü yıxılana balta günahdı.
Evi uçulmuşda ürəkmi qalar,
Halal qəndim zəhər, bal da günahdı.
O qədər xatirəm yaşayır burda,
Daşıyıb qurtara bilmirəm, Allah!
Çəkilib ömrümdən işıq da, nur da,
Yaşayıb qurtara bilmirəm, Allah!
Nəvələr doğulub bu dam içində,
Həyat çeşməsiydi, saflıq bulağı.
Sanki qopub çıxır bu can içindən,
Çatlayan divarı, qopan torpağı.
Hopub divarına atamın səsi,
Hər küncdən gör neçə xatirə baxır.
Gülür nur anamın işıq çöhrəsi,
İşıqsız yaşaya bilmirəm axı.
Nə olsun babayam, öz evim də var,
Rahatlıq tapdığım məkandı bu ev.
Hər yerdən, bil, ona qaytarır yollar,
Ocaqdı, ehramdı, ehkamdı bu ev.
Qoyun bir soyusun o xatirələr,
Hələ də istidir o od, o ocaq,
Qışın buz soyuğu, şaxtalı çöllər,-
Anamın laylası harda qalacaq?
Durun, bir məzarlıq torpaq götürüm,
Ürək sakitləşsin, ruhum dincəlsin.
Öləndə məzarım üstə tökdürün,
Qəbrimdən anamın qoxusu gəlsin…
İlk şərhi yaza bilərsiniz