Press "Enter" to skip to content

Turan birlik yolumuz… Zəfər Günü… Bürünüb kirə zaman…

Şirinxanım Kərimbəyli ŞADİMAN

BAYRAQDAR MEDİA istedadlı şair, dönməz əqidə yolçusu Şirinxanım Kərimbəyli ŞADİMANın şeirlərini təqdim edir.

Turan birlik yolumuz

Bu nə hikmət, göy Tanrı?
Türklüyümü öy, Tanrı,
Şər başına döy, Tanrı,
Qalx ayağa Ulumuz,
Turan birlik yolumuz.

Düşmənlər göz-gözədi,
Savaşla üz-üzədi,
Şər zavalı bizədi,
Açılıb əl-qolumuz,
Turan birlik yolumuz.

Bəsdirin paralandıq,
Yadlartək aralandıq,
Min yerdən yaralandıq,
Yağıdı sağ-solumuz,
Turan birlik yolumuz.

Göy bayrağın and yeri,
Oxşasın göyü, yeri,
Yürü, haqqına yürü,
Ucalsın Türk boyumuz,
Turan birlik yolumuz.

Kənarda dayanmayın,
Xainlərə yanmayın,
Bunu qurtuluş sayın,
Düşmən yaxsın halımız,
Turan birlik yolumuz.

Göy bayraq qurd naxışı,
Soy-kökümün alqışı,
Kimliyimin baxışı,
Çin oldu xəyalımız,
Turan birlik yolumuz.

Ey Şadiman, cuşə gəl,
Göy bayraqla qoşa gəl,
Yetdi kamın başa, gəl,
Nur saçsın iqbalımız,
Turan birlik yolumuz.

07.10.2024

Zəfər Günü

Otuz ildə için-için ahla yandıq,
Şad xəbərin eşqi ilə cilalandıq,
Üç rəngin sevgisiylə hilallandıq,
İgidlərin nərəsiylə sübh oyandıq.

Qarabağın xilas günü,
Yağıların iflas günü,
İşğalçının qəm-yas günü,
Ruhumuza təpər günü,
Zəfər Günü!

Qəhrəmanlar düz divarı aşıb keçdi,
Düşmənlərə nifrət hissi daşıb keçdi,
Qəzəblənib, sel-su olub coşub keçdi,
Ayaqlayıb zəmi təki yağı biçdi…

Xalq oldu bir nəfər günü,
Şuşamıza səfər günü,
Azğınlara sipər günü,
Ruhumuza təpər günü,
Zəfər Günü!

Şəhid oldu, qazi oldu o gün əsgər,
Qucaq açdı igidlərə soyuq səngər,
Hər doğulan ölməyirmi bir gün məgər?!
İgid adın tarixlərə yazanlar ƏR!
Sizi doğan anaların hünər günü,
Ruhumuza təpər günü,
Zəfər Günü!

Qurban olum anam, bacım, göz yaşına,
Nakam getmiş şəhidinin baş daşına,
Yarsız qalmış gəlinlərə dərd aşina…
Şəhid ruhu uçub qonub dağ başına,
O üç rəngli hilalını öpər günü…
Qələbəmiz işğalçıya çəpər günü,
Ruhumuza təpər günü,
Zəfər Günü!

Yaradandan gəlir sevda, ey Şadiman,
Yurd Vətəndir, ona haqdan düşür iman,
O yuvadır, onuntək yox dərdə dərman,
Pozulmasın yuvamızda heç vaxt səhman,
Məhəbbətin qəlbimizə çəkər günü,
Ruhumuza təpər günü,
Zəfər Günü!

08.10.2024

Ələnir xəfif yağış

Baxıram bağ-bağatın sapsarı yarpaqlarına,
Ələnir xəfif yağış xəzanın ayaqlarına.

Arabir xəzri əsir, titrədir o budaqları,
Boylanır göydə bulud, payızın soraqlarına.

Günəş gizlədib üzün, eşqə gətirmir səmanı,
Küçə sanki boşalıb, həsrətdi qonaqlarına…

Sükutun hay-harayı, ürəyə nisgil ələyir,
Dözməyir nazik könül, tuş gəlir qınaqlarına.

Bu səhər cəhd eləyib, bağrıma basdım payızı,
Xəzan qızıla çalır, al vurub yanaqlarına.

Yarpaqlar yaşam üçün küncdə, bucaqda əlləşir,
Dözür bumbuz havanın, can üzən sınaqlarına.

Şadiman mənzərəni seyr edəli, qəmə düşür,
Könlü ilişib qalıb, hər yarpaq saplaqlarına…

14.11.2024

Bürünüb kirə zaman

Bürünüb kirə zaman, çəkir özünü bir təhər,
Qoyub haqq tərəziyə çəkir özünü bir təhər.

Kainatın yolunu getməyə gücü yetməyir,
Dünyanın bağçasına əkir özünü bir təhər.

Saatın əqrəbinə dolaşıb qalır saniyələr,
Yıxır insandan gələn məkir özünü bir təhər.

Yapışıb göy damına fırladır yer kürəsini,
Nə vaxtsa yox edəcək bu kir özünü bir təhər.

Şadiman, əlacı bul, bel bağlama dünyaya,
Gecələr sabahlara, bükür özünü, bir təhər.

18.11.2024

Yara qurban elədim

Yara qurban elədim canımı illər öncə,
O mənim xoş elədi anımı illər öncə.

Acılı günlərə qatdıq şəkəri loğmanə,
Bəxtiyar eylədi ünvanımı illər öncə.

O mənim taleyimə yazıldı İlahidən,
Gətirdi bəxtimə səhmanımı illər öncə.

Şükür, ey bəxti yazan, ağrıma etdin dəva,
Çıxartdın yoluma loğmanımı illər öncə.

Şadiman ümid edir, tərk eləməz sevəni,
Rəbbim rəva bulub mehmanımı illər öncə.

18.11.2024

Hər şeyi taleyin üstünə atma

Hər şeyi taleyin üstünə atma,
Ömrə bəxt yazısın yazan özümüz.
Allahı, Tanrını bu işə qatma,
Qaynayan dərdlərə qazan özümüz.

Bir ömür sürünüb ayaqlar altda,
Dözüblər, dözürük demə həyatda,
Çatlar boy göstərir mənəviyyatda,
Ömür yollarını azan özümüz.

Bu bizim Vətəndi, bu bizim yaşam,
Tərəzi əyilib, mən ölçü daşam,
Bəs necə vicdanlı bir vətəndaşam?!
Hər bir əyriliyə sızan özümüz.

Çoxu göz yaşını axıdır içə,
Can alan ev gəzir can seçə-seçə,
Biz rəvac veririk zalım can biçə…
Taleyə, qismətə yozan özümüz.

Dərdə rəvac verən kefindən qalmır,
Yerdə sürünənə bir nəzər salmır,
Yoxsulu harınlar vecinə almır,
Bahar ömrümüzə xəzan özümüz.

Bürüyüb ölkəni dindoş kütləsi,
İlahi ədalət batırır səsi,
Bənzəyir hər xalqa çün öz ölkəsi,
Ağrısı sinədə əzan özümüz.

Dinib danışanın ağzı bağlanır,
Arzular puç olur, sinə dağlanır,
Mənliyi olanlar tez ayaqlanır,
Ömür səhifələrin pozan özümüz.

Şadiman, misranı boşa sayarlar,
Sağ ikən məzarla qoşa sayarlar,
Sözünü lal olmuş daşa sayarlar,
Sağalmaz dərdlərə ozan özümüz.

22.11.2024

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.