BAYRAQDAR MEDİA – İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) və Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən “Şuşa – İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı çərçivəsində keçirilən İslam Ölkələrinin Gənc Alimlərinin Forumunda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) da təmsil olunub və kitab sərgisi təşkil edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “Foruma AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev və MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov da qatılıb. Bundan əlavə, Şuşaya ezam olunmuş MEK-in elmi katibi Şəbnəm Rüstəmova proqram çərçivəsində keçirilən panellərdə iştirak edib. Proqram müddəti MEK-in fondundakı nəşrlərdən ibarət sərgi də təşkil olunub. Burada dövlətçiliyə dair, eləcə də ölkə tarixini və zəngin mədəniyyətini özündə əks etdirən Azərbaycan və xarici dillərdə M.Urudun “Zəngəzur toponimləri”, K. İsmayılovun “Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı (1918-1920)”, “Təbrizin sehirli nağılları”, “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)”, “Qərbi Azərbaycanın tarixi coğrafiyası”, “Prezident İlham Əliyev: yüksək səviyyədə görüşlər: 2003-2008-ci illər” üçcildliyi, “Azərbaycan ərazisində ən qədim tayfa ittifaqlarının və dövlətlərin inşaat sənəti”, “Bakı-tarixin səhifələri” bundan əlavə, MEK-in tərtibatında 2024-cü ildə nəşr edilmiş kitablar, monoqrafiyalar və biblioqrafiyalar da qonaqlara təqdim edilib”.
Kitablar sırasında “Heydər Əliyevin aforizmləri” audiodiski (Azərbaycan və ingilis dillərində), “Görkəmli dövlət xadimi Heydər Əliyev”, “Azərbaycan ekologiyası”, “Qərbi Azərbaycan” və digər biblioqrafik göstəricilər, “Təbiət bir kitabdır” adlı aforizmlər toplusu və başqa dəyərli nəşrlər yer alıb.
Tədbir iştirakçılarının böyük marağına səbəb olan MEK-in stendinə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov da baxış keçirərək nəşrlər haqqında ətraflı məlumat əldə ediblər.
Onu da qeyd edək ki, MEK tərəfindən Şuşa şəhəri 1 nömrəli tam orta məktəbə dəyərli nəşrlər də hədiyyə edilib.