BAYRAQDAR MEDİA – Dekabrın 5-də Daşkənddə ilk dəfə Özbəkistan-Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) forumu işə başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan QHT-lərinə Dövlət Dəstəyi Agentliyindən daxil olub.
Xəbərdə deyilir ki, “forumun rəsmi açılış mərasimində əvvəlcə hər iki ölkənin Dövlət Himnləri səsləndirilib. Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev 2023-cü ilin noyabrında Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunu məmnunluqla xatırlayıb və bildirib ki, hazırki forum bu prosesin davamıdır. Özbəkistanın Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək İctimai Fondundan Ayırmaların İdarəedilməsi üzrə Komissiyanın sədri Adxam Şodmonov ilk dəfə dekabrın birinci həftəsinin Özbəkistanda “Vətəndaş cəmiyyəti həftəsi”kimi qeyd olunmağa başlandığını vurğulayaraq belə bir həftədə bu forumun keçirilməsini Azərbaycanla münasibətlərə verilən xüsusi əhəmiyyətin daha bir təzahürü kimi qiymətləndirib”.
Sonra xəbərdə, “Azərbaycan Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev qeyd edib ki, artıq əminliklə demək olar ki, iki qardaş ölkənin vətəndaş cəmiyyəti, QHT-ləri arasında çox güclü dostluq, əməkdaşlıq, həmrəylik körpüsü fəaliyyətdədir. O, Özbəkistan QHT-lərinə COP29-la əlaqədar ilk gündən Azərbaycana verilən qardaş dəstəyinə görə təşəkkür edib. T.Əliyev Azərbaycan və Özbəkistanın QHT-lərlə işləyən müvafiq dövlət qurumlarının QHT-lər üçün birgə qrant müsabiqələri elan etməsinin vaxtının çatdığını da bildirib. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, ötən il Füzulidə keçirilən forumdan sonra iki ölkənin QHT-ləri arasında əməkdaşlıq güclənib, Agentlik bu əlaqələrin daha da genişləndirilməsi üçün qarşıdakı dövrdə də fəal iş aparacaq” deyə bildirilir.
Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Mahir Cəfərov bildirib ki, iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdə QHT-lərin də layiqli töhfələrini verməyə başlaması münasibətlərə yeni çalar qatır.
Rəsmi açılış mərasimində Özbəkistanın Ali Məclisinin Senatının nümayəndələri, Azərbaycan və Özbəkistandan olan bir qrup QHT təmsilçiləri də iştirak edib.
Forumda Azərbaycanla bağlı videoçarx da nümayiş olunub.
Forum sessiyalarla davam edəcək.