Son yeniləmə: 5 Dekabr 2024 13:27
Şentürk Hoşgül: Özbəkistanda ikinci forumun keçirilməsi mühüm önəm kəsb edir
BAYRAQDAR MEDİA – “Bəlli olduğu kimi son illər, xüsusilə də Azərbaycanın 44 günlük Vətən savaşındakı zəfərindən sonra türk dünyasında inteqrasiya daha da güclənib. Təbii ki, bu inteqrasiyanın hər keçən gün daha da dərinləşməsi üçün dövlət başçıları davamlı addımlar atır. Lakin istənilən siyasət həm də o zaman daha da güclü olur ki, onun reallaşmasında ictimai sektor da yaxından iştirak etsin. Bu baxımdan hesab edirəm ki, türk dünyasının sabaha doğru inamlı addımlamasında eyni zamanda qeyri-hökumət təşkilatlarının üzərinə mühüm vəzifələr düşür”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin başqanı Şentürk Hoşgül deyib.
O, qeyd edib ki, türk dünyasının bütövlüyü istiqamətində dövlət rəhbərlərinin həyata keçirdiyi siyasətin xalqlara daha çox çatdırılmasında qeyri-hökumət təşkilatları önəmli rol oynaya bilər və oynamalıdır: “Bu baxımdan Türkiyə və Azərbaycan QHT-ləri arasındakı əməkdaşlıq, sərgilənən fəaliyyət Türk Dövlətləri Təşkilatı coğrafiyası üçün bir bir örnək təşkil edir. Nə gözəl ki, artıq bu örnəkdən yararlanma prosesi gedir. Söhbət Azərbaycan və Özbəkistan QHT-ləri arasındakı fəaliyyətdən gedir. Ötən il Azərbaycanda, Qarabağda, işğaldan azad edilmiş Füzuli şəhərində keçirilən Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu təkcə iki qardaş ölkə üçün deyil, bütövlükdə TDT üçün mühüm addım idi. Bunun davamı olaraq Özbəkistanda ikinci forumun keçirilməsi qərarı isə prosesin artıq davamlı xarakter aldığına işarə edir”.
Müsahibimiz sonda “hesab edirəm ki, bu forumda aparılacaq müzakirələr və əldə ediləcək nəticələr Orta Asiyanın digər türk dövlətlərinin həm öz aralarında, həm də Türkiyə, Azərbaycan və KKTC ilə QHT sektorunada oxşar əməkdaşlıq formatı yaratmasını tezləşdirəcək. Yekunda isə bu proseslər TDT daxilində vahid QHT platformasının yaranması ilə nəticələ bilər” deyib.