BAYRAQDAR MEDİA – Maltada ATƏT üzvü dövlətlərin xarici işlər nazirlərinin toplantısı keçirilir. Bu toplantı çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun görüşünə təşəbbüs edilib. Mediada yayılan xəbərlərə görə, Azərbaycan tərəfi görüşdən imtina edib. Buna səbəb isə ABŞ Dövlət katibi Entonu Blinkenin sözügedən görüşdə vasitəçi kimi çıxış etmək cəhdi olub.
Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət deyib ki, “ABŞ bu dəfə də oyunpozanlıq edir. Əgər Azərbaycanla Ermənistan rəsmiləri görüşmək istəsə, buna üçüncü tərəflərin, o cümlədən də ABŞ-nin təşəbbüs etməsinə gərək yoxdur. Onsuz da yetərincə uzun müddətdir ki, Azərbaycan və Ermənistan rəsmiləri heç bir vasitəçi olmadan görüşürlər, danışırlar, razılaşırlar, müzakirə aparırlar. Sülh müqaviləsi ilə bağlı razılaşma olmasa da ümumilikdə irəliləyişlərin olduğunu deyə bilərik. İndi ABŞ rəsmisinin durub heç bir gərək olmadan özünü bu prosesə yenidən qoşmaq cəhdi bizim üçün qəbuledilməzdir. Ona görə də düşünürəm ki, Azərbaycan tərəfi belə bir üçtərəfli və gərəksiz görüşdə iştirakdan imtina etməklə düzgün qərar verib”.