Press "Enter" to skip to content

30 il öncə bu gün Rusiya da Ukraynaya təminat vermişdi…

5 dekabr 1994. Budapeşt. Sözügedən razılaşma imzanarkən

BAYRAQDAR MEDİA – Dekabrın 5-də Ukraynanın nüvəsizləşdirilməsi ilə bağlı dördtərəfli razılaşma imzalanmasının 30 ili tamam oldu.

1994-cü ilin məhz bu günündə Macarıstanın paytaxtı Budapeştdə ABŞ, Birləşmiş Krallıq, Rusiya və Ukrayna arasında sonuncuya SSRİ-dən miras qalmış nüvə silahından imtina qarşılığında məhz məlum üç dövlət təhlükəsizlik təminatı vermişdi.

Sözügedən razılaşmayla Ukrayna “Nüvə silahının yayılmaması üzrə Müqavilə”yə qoşuldu və ardından da öz ərazisindəki nüvə silahlarını ləğv etdi (Rusiyaya verdi…).

Ukrayna bu razılaşmadan sonra arxayın idi ki, heç bir dövlət ona hücum etməyəcək. Çünki razılaşmayla onu imzalayan digər üç dövlət onun təhlükəsizliyinə təminat verirdi.

Amma nə baş verdi?

Hazırda Ukraynada üç ildir ki, müharibə gedir, torpaqları işğal altındadır. Müharibəni başladan da qeyd etdiyimiz razılaşmanı imzalayaraq üzərinə öhdəlik götürmüş dövlətlərdən biri – Rusiyadır. Halbuki Rusiyanın özü belə Ukraynanı xarici təcavüzdən qorumaq öhdəliyi daşıyır…

Nahaqdan demirlər ki, Rusiyaya güvənilməz. Budur, dünyanın ən aparıcı dövlətləri ilə birlikdə sənəd imzalayaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməyi bir yana, hələ onu hamıdan öncə pozan məhz Rusiyadır!

Belə bir şəraitdə Birləşmiş Krallıq və ABŞ də üzərinə düşəni yerinə yetirməyə borclu deyilmi? Yəni həmin razılaşmaya görə, Ukraynaya xarici təcavüz olarsa, onların hər ikisi bu dövləti açıq şəkildə qorumaq öhdəliyi daşıyır.

İndi baxaq görək, Ukraynanı 30 il öncə belə bir razılaşmaya sürükləyən dünyanın ən güclü dövlətləri öhdəliklərinə nə dərədəcə əməl edir?

Heç biri öhdəliyə əməl etmir!

Hələ nəzərə alaq ki, öhdəlik götürən dövlətlərin üçü də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür! Yəni dünyanın taleyini həll edəcək beş əsas dövlətdən üçü bunlardır: ABŞ, Birləşmiş Krallıq və Rusiya. Digər ikisi isə Çin və Fransadır…

Rusiyanın təcavüzü, onunla bərabər ABŞ və Birləşmiş Krallığın Ukraynanı yetərincə müdafiə etməməsi bir daha göstərir ki, bu dünyada hər bir dövlət hər şeydən öncə yalnız özünə güvənməlidir…

Mission News Theme by Compete Themes.