Press "Enter" to skip to content

Sarı yarpaqlar… Mən dənizəm… Ağ, qara…

Nazilə Gültac

BAYRAQDAR MEDİA bu dəfə şair, yazıçı, tərcüməçi, həkim Nazilə Gültacın şeirlərini təqdim edir.

Pərdə

Baxmaq istəyirəm insanlara bəzən,
tül pərdənin arxasından.
İstəyirəm məni görməsinlər,
düşməsinlər
gözlərimin dibinə
dadsız, duzsuz adamlar.
Bilməsinlər düşüncəmi,
görməsinlər xəyalımı
hissiz, düşüncəsiz adamlar.
O zaman sakit olur
duyğum, hissim.
Çox rahatam
fikirlərimin əlçatmazlığında,
ünyetməz uzaqlarda.
Qəlbimin pəncərəsini sındırmır,
qapısını döymür mənə yad olanlar.
Günəş çəkiləndə,
gecə hüznü
gözlərimə pərdə çəkəndə,
ağrıtmır uzaq olanlar,
ağladır uzaq durduqlarım
pərdənin arxasında.
Baxmaq istəyirəm insanlara bəzən
tül pərdənin arxasından,
görməsinlər göz yaşımı,
könül ağrımı
pəncərənin bu tayında.

Sarı yarpaqlar

Son bahar
sarı yarpaqları
bağrına basıb
qucaqlar.
Əsən meh
yanaqlarını
sığallar.
Qulağına
vida pıçıldar.
Sarı yarpaqlar
titrəyər xəfifcə.
Utancaq-utancaq
boylanar qopduğu budağa.
Uçuşar küləklərin arxasınca
əhdə vəfasızlar kimi.

Mən dənizəm

Mən dənizəm,
dalğaları şahə qalxan,
tufanlara hayqıran.
Üfüqündə
yerlə göyü birləşən.
Gah buluda,
gah yağışa çevrilən.
Damla-damla
qayalara çırpılan,
duyğularda döyünən.
Mən dənizəm!
Ömür adlı gəmisi
bir ürəyə yan alan,
zaman-zaman
adaları qeyb olan,
sahilində çırpınan…

Ağ, qara

Rənglər dünyasında
Yaşayırıq yaşıl, sarı.
Günlərimiz ağ, qara.
Rəngləyirik kədərimizi
gecənin işığıyla,
sabahın nuruyla.
Üzüyola
düşmüşük ömür yoluna.
Yaşayırıq
ərköyün, küsəyən uşaq kimi .
Əllərimiz göy üzünə uzalı,
dilimiz dualı.
Aramızdan,
taleyimizdən rənglər axır.
Həyatımız boyalı, boyasız.
Gülüş və göz yaşı qarışmış…

Həyat nağıl boyda

Çox nağıllar həqiqətdir,
çox həqiqət nağıl kimi.
Haqlıykən haqsız oluruq,
vəfasız sirdaşlar çoxdur.
Nələr olur, nələr keçir,
hara gedir, hardan gəlir,
haralardan keçir ömür?
Addım-addım
özümüzdən uzaqlaşıb,
bəlkə özümüzə gəlir ömür.
Biz son anda
günahımızla,
vicdanımızla göz-gözəyik.
Son ahımızda
öz-özümüzlə üz-üzəyik.
Həyat nağıl boyda,
noğul boyda həqiqətdir.

Hissin odu

Günlər keçib gedir,
bir şirin təbəssümdə,
gah göz yaşında.
Acı qəhqəhədə,
bir xoş baxışda.
Əşyalar arasında,
dodaq pıçıltısında.
Bizdən bir toz qonur
havaya,
havadakı damlaya.
Bəzən büdrəyirik, sürüşürük
qəlbimizin buzunda.
Yana-yana sönürük
hissimizin odunda.
Fəsillər üzü yaza,
uçur qaranquş kimi.
Bizsə üzü payıza,
durna qatarlarında.

Adın

Adını buludlara yazdım,
hərf-hərf, heca-heca.
Yağdı damla-damla,
axdı üz-gözümə.
Ovuclayib içdim,
adın da özün tək acı.
Kaş bu yağış yağmayaydı…
Adın pozulmayaydı.
Ürəyimin səmasında
adının yeri boş qaldı.

Nazilə Gültac – şair, yazıçı, tərcüməçi. Bakıda yaşayır. İxtisasca həkimdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Prezidenti təqaüdçüsü olub.

“Suya yazılan sevda”, “Yaşıl pıçıltı”, “Qəlbdən dodağa ”, “Əllərimdən yağış damır”, “Ben gönlümü bilmezmiyim”, “Sevgi yağmuru” şeir kitablarının müəllifidir.

2023- cü ildə “Şəhid atası” povest və hekayələr kitabı çap olunub. Povest “Dastanoğlu” Fondunun Yusif Səmədoğlu adına nəsr müsabiqəsinin qalibi olub.

Əsərləri Azərbaycanda oldugu kimi qardaş Türkiyədə də “Kardeş kalemler”, Türk Edebiyyatı”, “Bizim Ece”, “Yaşam Sanat” dərgilərində yayımlanır.

Nazilə Gültac dəfələrlə qardaş Türkiyədə festivallarda, şeir şölənlərində iştirak edib, fəxri fərmanlara layiq görülüb.

O, bir sıra Türkiyəli şair və yazıçıların şeir və hekayələrini Azərbaycan türkcəsinə uyğunlaşdırıb.

Türk xalqları ədəbiyyatının Azərbaycanda yayımlanmasına və ədəbi əlaqələrinin inkişafında uğurlarına görə 2017-ci ildə Mahmut Qaşqarlı adına Beynəlxalq Fondun “San Yarlığı” mükafatına layiq görülüb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.