Son yeniləmə: 4 Dekabr 2024 17:12
Tennur Türk: 2024-cü ildə Türkiyə mənzil sektoru üçün çətin və dinamik bir il kimi yadda qalacaq
BAYRAQDAR MEDİA – “2024-cü ildə Türkiyə mənzil sektoru üçün çətin və dinamik bir il kimi yadda qalacaq”.
Bunu BAYRAQDAR MEDİA-ya Türkiyədə daşınmaz əmlak üzrə mütəxəssis Tennur Türk deyib.
Onun sözlərinə görə, iqtisadi, sosial və siyasi amillər bu sektorda baş verən proseslərə birbaşa təsir göstərir: “Öncə iqtisadi göstəricilərə nəzər salaq. Məlum olduğu kimi, 2024-cü il Türkiyənin iqtisadi canlanma prosesinin davam etdiyi bir il kimi diqqəti cəlb edir. Bununla belə, yüksək inflyasiya, valyuta məzənnələrindəki dalğalanmalar və faiz dərəcələri mənzillərin alıcılıq qabiliyyətinə təsir etməkdə davam edir. Bu vəziyyət alıcıların bazar şərtlərini daha diqqətlə qiymətləndirməsinə səbəb olur”.
Ekspert deyib ki, sadalanan şərtlər fonunda 2023-cü ilə nisbətən mənzil qiymətləri artmaqda davam edir: “Xüsusilə böyük şəhərlərdə tələbat və xərclərin artması səbəbindən qiymətlər daha da yüksəlir. Lakin bəzi bölgələrdə qiymətlər sabit qala və ya azala bilər. Mənzil qiymətlərinin artması ilə paralel olaraq kirayə qiymətləri də artır. 2024-cü ildə kirayə ev tapmağın çətinliyi kirayə haqqının daha da artmasına səbəb olub. Tələbə və işçi qüvvəsinin miqrasiyası bu vəziyyəti daha da çətinləşdirir”.
Vurğulanıb ki, 2024-cü il bu cür layihələrin sürətlənməsi və yeni mənzil layihələrinin tətbiqi ilə diqqəti cəlb edir: “Dövlət tərəfindən dəstəklənən layihələr keyfiyyətli mənzil təminatının artırılması məqsədi daşıyır. Davamlılıq 2024-cü ildə mənzil sənayesində mühüm tendensiyaya çevrilir. Yeni layihələrdə enerji səmərəliliyi və ekoloji cəhətdən təmiz materiallardan istifadə üstünlük təşkil edir. Bu, həm investorlar, həm də alıcılar üçün artan dəyər yaradır. İnvestorlar xüsusilə yaşayış evləri əvəzinə kommersiya daşınmaz əmlakına üz tuturlar”.
O da qeyd edilib ki, elektron ticarətin artması logistika və anbar sahələrinə tələbatı artırır: “Bununla belə, mənzil investisiyaları uzunmüddətli gəlir təmin etmək baxımından hələ də cəlbedicidir. 2024-cü il Türkiyənin mənzil sektoru üçün qeyri-müəyyənliklər ehtiva etsə də, fürsətlər də təqdim edir. İqtisadi şəraitin yaxşılaşdırılması və şəhər çevrilməsi layihələrinin sürətləndirilməsi sektorda aktivliyi artıra bilər. İnvestorlar və alıcılar bazar tendensiyalarını və iqtisadi göstəriciləri diqqətlə izləməlidirlər. Son olaraq onu qeyd edim ki, Türkiyədə mənzilə investisiya etməzdən əvvəl bir mütəxəssisdən məsləhət almağı unutmayın”.
İlk şərhi yaza bilərsiniz