BAYRAQDAR MEDİA – Azərbaycan ictimai rəyi qonşu Gürcüstanda baş verməkdə olan ayaqlanma və kəskin qarşıdurmanı çox yaxından izləyir. Biz də kənarda qalmırıq, vəzifəmiz gərəyi proseslərin ən xırda ayrıntılarına belə diqqət kəsilirik.
Belə bir yanaşma isə təsadüfi deyil. Çünki Gürcüstan 3 Güney Qafqaz ölkəsindən biri kimi Azərbaycan üçün olduqca gərəkli tərəfdaşdır. Bizim bugünümüz də, keçmişimiz də birdir, gələcəyimiz də yəqin ki, fərqli olmayacaq.
Gürcüstan Azərbaycanla ortaq tarixi bölüşür. Yüz illərdir gürcülərlə türklər, özəlliklə də biz Azərbaycanlılar iç-içəyik. Ağrımız, acımız, hətta taleyimiz də çox vaxt bənzər olub.
Örnək üçün, 1918-ci ildə Gürcüstan rus işğalçı imperiyasından ayrılaraq müstəqil dövlət olub, Azərbaycan da.
Yaxud da SSRİ son nəfəsini verməkdəykən öncə Gürcüstanda – 1989-cu ilin aprelində dinc insanların qanını töküb, ardından da Azərbaycanda – 1990-cı ilin yanvarında.
Yəni biz nə vaxt nə etmişiksə, etdiklərimiz, başımıza gələnlər bənzər olub. Əlbəttə, zərərli çıxdığımız vaxtlar da olub, xeyir qazandığımız günlər də.
Ən əsası odur ki, Gürcüstanda Eduard Şevardnadze, Azərbaycanda Heydər Əliyevin müstəqillik illərində dövlət başına gəlməsi bu xalqları daha da yaxınlaşdırıb, çətin vəziyyətlərdən birlikdə çıxmışıq.
İndi isə Gürcüstan yenə də çətin bir mərhələni keçir. Ölkənin paytaxtı Tiflis də daxil olmaqla hər tərəfdə narazılar və razıların böyük qarşıdurması görünür. Hətta zorakı qarşıdurma da deyə bilərik buna. Həbs edilənlərin sayı da yüzləri keçib artıq…
Belə bir durumda Azərbaycan ictimai rəyində ciddi bir təşviş var. Hətta bəzən Gürcüstandan çox bu ölkə üçün həyəcan keçirən həmvətənlərimizi görürük.
Belə olmaq – çox həyəcanlanmaq doğrudurmu?
Bizcə Gürcüstana görə bu qədər də həyəcana gərək yoxdur. Əlbəttə başa düşürük ki, orada hakimiyyətlə bağlı qeyri-müəyyənlik bəlli risklərə yol açır. Amma unutmayaq ki, Gürcüstanın da Azərbaycana çox ciddi ehtiyacı var və hakimiyyət dəyişsə belə bizimlə işləməli olacaqlar.
Onu da anlayırıq ki, orada hakimiyyət dəyişikliyi Azərbaycan üçün keçici də olsa əlavə problemlərə səbəb ola bilər. Bununla belə nəzərə alaq ki, Azərbaycanın dövlət başçısı təcrübəsi və uzaqgörən strategiyası ilə dünyada ad çıxarmış siyasət adamı – lider İlham Əliyevdir. Heç şübhəsiz onun hər bir durum üçün mütləq bir B planı vardır. Elə Gürcüstandakı olayların inkişafı ilə bağlı da…
Bu baxımdan demək istədiyimiz odur ki, Azərbaycan ictimai rəyi həm də arxayın ola bilər. İndiki şəraitdə bizə düşən qonşu ölkədəki olaylara müdaxilə etməməkdir. Orada nə baş verirsə, olanlar Gürcüstanın daxili işləridir. Düzdür, Qərb ölkələri belə hesab etmir və belə davranmır. Amma yenə də biz məsafəli olaq, sadəcə Gürcüstanlı qonşulara əmin-amanlıq arzu edək.
Bərabər şəkildə həm də Gürcüstanda bu hadisələrin nəyə gətirib çıxaracağı ilə bağlı fərqli seçənəkləri nəzərdən keçirməyi unutmayaq.
Mümkündür ki, İrakli Kobaxidzenin başçılıq etdiyi hazırkı hökumət bir müddət sonra proseslərə tam nəzarəti bərpa edəcək və həyəcan bitəcək. Belə olanda Azərbaycan qaldığı yerdən davam edəcək, hər hansı gərginlik yaşanmayacaq.
Yaxud da Qərbin açıq və qeyri-etik şəkildə dəstəklədiyi, hətta körükləndirdiyi küçə hərəkatı qalib gələcəyi təqdirdə bizim bir balaca yenidən toparlanmağa ehtiyacımız yaranacaq. O baxımdan da ciddi narahatlığa gərək yoxdur. Çünki yenə də Prezident İlham Əliyevin təcrübəsi, şəxsinə olan etimad köməyimizə çatacaq.
Demək istədiyimiz odur ki, nə baş versə belə Azərbaycan özü üçün çıxış yolunu tapacaq və əminəm ki, İlham Əliyevin B planı çoxdan hazırdır.
Sonda: 2018-ci ildə Ermənistanda da küçə hərəkatı hakimiyyətin dəyişməsinə səbəb oldu. Azərbaycan elə bir çətin durumdan da yetərincə uduşlu çıxmadımı? Ona görə də Gürcüstanda baş verənlərə, “bunda da bir xeyir var” deyərək yanaşaq məncə…
İlk şərhi yaza bilərsiniz