BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev dekabrın 4-də qardaş Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mevlüt Çavuşoğlunu qəbul edib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Bildirilir ki, söhbət Mevlüt Çavuşoğlunun Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın salamlarını İlham Əliyevə çatdırması ilə başlayıb. Sonuncu da öz növbəsində salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını qardaş ölkə rəhbərinə çatdırmağı xahiş edib.
İlham Əliyev qonağa Qərbi Azərbaycan İcmasının Bakıda keçirəcəyi beynəlxalq konfransda iştirakına görə minnətdarlıq edib, tədbirin əhəmiyyəti haqda danışıb.
Mevlüt Çavuşoğlu da öz növbəsində konfransın önəmini vurğulayıb və dəvətə görə minnətdarlıq edib.
Qonaq “Azərbaycanda bu il keçirilmiş parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbriklərini çatdırdı. Eyni zamanda Azərbaycanın ev sahibliyi etdiyi COP29-un çox yüksək səviyyədə təşkil olunması ilə bağlı Prezident İlham Əliyevi təbrik edən Mevlüt Çavuşoğlu bu tədbiri tarixi zirvə toplantısı kimi qiymətləndirərək, burada qəbul edilmiş qərarların böyük önəm daşıdığını vurğuladı”, -deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, Prezident İlham Əliyev də “COP29-un yüksək səviyyədə təşkil olunduğunu və əhəmiyyətini qeyd edərək, Türkiyə Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin həmin tədbirdə iştirakını bir daha yüksək qiymətləndirdi və bunun COP29-un önəminin daha da artırılması işinə töhfə verdiyini bildirdi. Prezident İlham Əliyev xeyli sayda dövlət və hökumət başçısının, qonaqların tədbirdə iştirakına toxundu və konfransın qərarların qəbul edilməsi baxımından çox uğurlu olduğunu dedi, COP29-un Azərbaycanın potensialını və liderlik qabiliyyətini bir daha bütün dünyaya nümayiş etdirdiyini vurğuladı. Dövlətimizin başçısı bunun Türk dünyasının da növbəti bir uğuru olduğunu dedi”.
Görüşdə iki ölkə arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi bildirilib.
İlk şərhi yaza bilərsiniz