Press "Enter" to skip to content

Şəhidlərlə bağlı kitablar MEK-ə təqdim olunub

Şəhidlərlə bağlı kitablar MEK-ə təqdim olunub

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) şəhid ailə üzvləri ilə görüş keçirilib, şəhidlərə həsr olunmuş nəşrlər kitabxanaya təqdim edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “öncə Röksanə Səfərzadə şəhid ailə üzvlərini rəhbəri olduğu fondla tanış edərək, onlara ətraflı məlumat verib. 44 günlük Vətən müharibəsindən sonra dövlətin dəstəyi ilə MEK-də yaranan fondun əsas məqsədlərindən, fəaliyyətindən, eləcə də burada toplanan nəşrlərdən bəhs edib. R.Səfərzadə bildirib ki, yarandığı gündən etibarən fondda şəhidlərin əziz xatirəsi daim anılır, ailə üzvlərinin, yazıçıların, ictimai xadimlərin iştirakı ilə tədbirlər keçirilir”.

Sonra xəbərdə, “dəyirmi masa ətrafında davam edən görüşdə MEK-in Kitabxana xidməti üzrə direktor müavini, Dos. Şəhla Quliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun xalqa yaşatdığı möhtəşəm Qələbədən sonra Vətən müharibəsi ilə bağlı yazılan kitabların sayı çoxalır. Görüşdə iştirak edən “Zəfər” İnformasiya Mərkəzinin – zefer.info.az saytının redaktoru, Əməkdar müəllim, tədqiqatçı-jurnalist Zülfiyyə Vəliyeva xalqına layiqincə xidmət edən nəslin formalaşmasında, gənclər arasında vətənpərvərlik sahəsində maarifləndirmə işinin aparılmasında müəllimlik fəaliyyətinin əhəmiyyətindən bəhs edib. O, həmçinin MEK-ə təqdim etdiyi “Zəfərimiz mübarək” adlı kitabı haqqında da ətraflı məlumat verib”.

Daha sonra şəhid anaları Vətən, torpaq, böyük amallar uğrunda özlərini qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan igid oğullar haqqında xatirələrini bölüşüb, keçdikləri həyat yolundan bəhs ediblər.

Şəhid ailə üzvləri şəhid kəşfiyyatçı İlqar Əhmədov və onun qardaşı Vüqar Əhmədova, şəhid Toğrul Hacıyevə, şəhid Rövşən İsmayılova, şəhid baş leytenant Cəmil Nəcəfova, şəhid Fəxrəddin Qurbanlıya həsr olunmuş “İki oğulun acısı”, “Səhnədən səngərə”, “Şərəfli zabit ömrü”, “Sonunu düşünən qəhrəman olmaz”, “Xeyirxah insan” adlı kitabları, həmçinin şəhid Vüsal Məmmədov haqqında çəkilmiş sənədli filmi MEK-ə təqdim ediblər.

Mission News Theme by Compete Themes.