Son yeniləmə: 2 Dekabr 2024
BAYRAQDAR MEDİA Xaçmazdakı Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin üzvü Gülümbala Nəsirlinin “Bölməyin” adlı şeirini dəyərli oxucularına təqdim edir:
Mən nə Şəkiliyəm, nə də Qazaxlı,
Bir torpaq oğluyam torpağa bağlı.
Sinəm parça-parça, ürəyim dağlı,
Qəlbimin odundan sən məni tanı,
Şəkiyə, Şirvana, ya Naxçıvana.
Bölməyin, bölməyin Azərbaycanı.
Sənin çörəyindi, mənim çörəyim,
Sənin ürəyindi, mənim ürəyim.
Sənin diləyindi, mənim diləyim,
Birdir kökümüzün damarı, qanı,
Şəmkirə, Bərdəyə, Qaxa, Salyana,
Bölməyin, bölməyin Azərbaycanı.
O nurlu Günəşdi, Günəşlə təndi,
Bir üzü açıqdır, bir üzü çəndi.
Canı bir, dərdi min bircə bədəndi,
Ayırıb atmayın bədəndən canı,
Xaçmaza, Qubaya, Cəlilabada,
Bölməyin, bölməyin Azərbaycanı.
O bir həqiqətdir bu yer üzündə,
Babək nəfəsi var hər gündüzündə.
Dəyanət, etibar bitir düzündə,
Belə Vətən kimi bir Vətən hanı,
Bakıya, Gəncəyə, həm Lənkərana,
Bölməyin, bölməyin Azərbaycanı.
Onun Muğanı da, Mili də bizik,
Onun nəfəsi də, dili də bizik.
Onun leysanı da, seli də bizik.
Bizik taleyinin sökülən danı,
Daha, haralısan? – deyib amandı,
Şimala, cənuba, dağa, arana,
Min yerə bölməyin Azərbaycanı.
Bölməyin, bölməyin Azərbaycanı!