Press "Enter" to skip to content

Qurban yerinə… Sənə gələn yollar… Qoy bu gözəl gecə…

Aləmzar Sadıqqızı

BAYRAQDAR MEDİA dəyərli oxucularına şairə Aləmzar Sadıqqızının şeirlərini təqdim edir:

Sən mənə ver sevdiyimi…

Nolur daha yağma belə,
Qoy bir az ruhum dincəlsin,
Həyatım bir telə bağlı,
Qopduğu yerdən incəlsin.

Hey dolursan, boşalırsan
Səndəmi yardan ayrısan?
Özünü belə yagmaqla,
Məndən vəfalı sanırsan?

Sənmi mənə bənzəyirsən
Mənmi sənə oxşayıram?
Gör necə sevirəm səni,
Necə gözəl oxşayıram.

Anam bulud, bacım bulud,
Al məni qoynunda uyut.
Qoy bir az səni unudum,
Sən də bir az məni unut…

Sehrli çubuğun varsa,
Al məni, böl iki yerə.
Götür məni uzaqlara,
Bir az Göyə, bir az Yerə.

Sənlə gəzim bu dünyanı,
Hər ölkəni hər mahalı.
Sən mənə ver sevdiyimi…
Mən də sənə bu Cahanı…

2.12.2024

Qurban yerinə…

Sən mənim ömrümə gəldin gələli,
Əlim ürək düzür tamam yerinə.
Gecələr Gün çıxır, gündüz Ay gəlir,
Gəlir həyatımın duman yerinə.

Arzular gül açır, diləklər çiçək,
Duyğular tellənir hey ləçək-ləçək.
Götür gözlərimin rəsmini sən çək,
Apar qoy ömrünün zaman yerinə.

Hərdən incidirəm, hərdən üzürəm,
Hərdən ürəyinə sevgi düzürəm,
Mən də ayrılığa belə dözürəm,
Dönübdü gözlərim ümman yerinə.

Səsinlə durulur qarışıq dünyam,
Hər dərdi siləcəm sən gələn zaman,
Nə qədər şübhə var gedəcək, inan,
Alıb saxlayacam güman yerinə.

Sənə andım olsun, güləcəyəm, yar,
Hər dərdi eşqinlə çözəcəyəm, yar,
Mən səni ölüncə sevəcəyəm, yar,
Gəl götür Aləmi qurban yerinə.

29.11.2024

Sənə gələn yollar…

Mən şeir yazanda üzümü görmə,
Atasız, anasız yetim oluram.
Başımdan dünyanın min qəmi keçir,
Tüstüsü çıxmayan tütün oluram.

Sənə gələn yollar tikən-tikəndi,
Sənin həsrətinlə bitib tükəndim,
Sənsiz ömrüm-günüm tikə-tikədi,
Mən sənin eşqinlə bütün oluram.

Aləmi bu qədər sınağa çəkmə,
Qəlbimə əlinlə acılar əkmə,
Sənə inamımı gözümdən tökmə,
Onda çəkilməyən çətin oluram.

Oxu ürəyimin sevgi sətrini,
Unutma bu eşqin məsum ətrini,
Sinəmə yazmışam sənin şərtini,
“Döyülə-döyülə” mətin oluram.

30.11.2024

Qoy bu gözəl gecə…

Qoy bu gözəl gecə şeir qoxusun…
Bir şeir sən oxu, birini də mən,
Qoy bu gözəl gecə şeir qoxusun,
Sən bir vəfasıza, mən vəfalıya…

Qoy sabah oyanıb şeir oxusun,
Şeirdir dünyanın müqəddəs səsi.
Şeirlə oyansın səhər nəfəsi,
Şeirlə doğulub sevgi nəğməsi,

Qoy dünya ən gözəl şeirə yoluxsun!
Bir kövrək nəğmədi, şeirdi həyat,
Ömür keçib gedir saatbasaat,
Hər gündə çox yox, iyirmi dörd saat,

Sevənlər şeirlə alsın yuxusun,
Oturaq Tanrının şeir taxtına.
Bir nəğmə söyləyək şeir vaxtına,
Bu gecə əlimlə küskün baxtıma,
Barmağım bir kövrək şeir toxusun!

30.11.2024

Yağış yerinə…

Hayanda qalmısan, harda əzizim,
Gör necə qar yağır yağış yerinə.
Min ildi, yüz ildi elə sənsizəm…
Qayıt, gözlərimin yağış yerinə.

Qəfil döy qapımı heç görmədiyin,
Sığal çək saçıma heç hörmədiyin,
Bir çicək bağışla heç vermədiyin,
Gətir qoy gözümün baxış yerinə.

Nə naz bilmədim heç nə də ki, qəmzə,
İndi ki, gəlmisən aralı gəzmə,
Sənin ürəyinəm, məni çox üzmə,
Apar yaddaşının tanış yerinə.

Bilmirəm yaxşımı ya da pismisən…
Mənə qırğınmısan ya da küsmüsən?
Mən dua edirəm, sən bilirmisən?
Hər axşam, hər səhər qarğış yerinə.

Nə savab etmişdin belə əzizim,
Gəldin ürəyimə ay dağım, düzüm.
Mən gülüş umurdum, sən qəm süzürsən,
Mənim ürəyimin naxış yerinə.

Sən aləmə həsrət qoyma Aləmi,
Mən ölümə layiqəmmi, güləmi,
Kərəm günahkardı, yoxsa lələmi?
Niyə can vermirsən alqış yerinə?

Mission News Theme by Compete Themes.