BAYRAQDAR MEDİA -3-4 dekabr tarixlərində SABAH qruplarının 10 illik yubileyinə həsr olunan SABAH tələbə-məzun forumu və karyera sərgisi keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “forumun təşkilində məqsəd “SABAH qrupları” layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır. İki gün davam edəcək forumun ilk günündə “SABAH layihəsinin ali təhsil sisteminə töhfəsi”, “Tədqiqat necə kommersiyalaşdırıla bilər? Universitet-sənaye əməkdaşlığı” mövzusunda panel sessiyaları təşkil ediləcək”.
Sonra xəbərdə, “forumun ikinci günündə isə “Liderlikdə vizyon və strategiya: uğurun açarı“ panel sessiyasında müzakirələr aparılacaq. Forum çərçivəsində SABAH İncəsənət Festivalında tələbə və məzunların nümayiş etdirdikləri müxtəlif layihələr, əl işlərindən formalaşdırılmış “Virtual muzey”in təqdimatı, SABAH karyera sərgisi, SABAH məzunlarının “TEDx” formatında çıxışları, intellektual yarışların təşkili də planlaşdırılır” deyə bildirilir.
Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin formalaşdırılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb.
İlk şərhi yaza bilərsiniz