BAYRAQDAR MEDİA – Son günlər Suriyada vəziyyət yenidən gərginləşib. Türkiyə Silahlı Qüvvələri ölkənin Quzeyində terror təşkilatlarına qarşı hava və artilleriya zərbələri endirib, nəticədə bir neçə terrorçu zərərsizləşdirilib. Bu əməliyyatlar, xüsusilə terrorçu kürd qruplaşmalarının Türkiyə sərhədinə yaxın ərazilərdəki fəaliyyətlərinə qarşı yönəlib.
Bununla yanaşı Suriyanın müxtəlif bölgələrində daxili qarşıdurmalar yenidən şiddətlənib. Dəməşq yaxınlığındakı ərazilərdə hökumət qüvvələri və müxalif döyüşçülər arasında toqquşmalar nəticəsində xeyli insan tələfatı baş verib. Bir sutka ərzində 100-dən çox insanın öldüyü bildirilir.
Bu hadisələr Suriyada artıq 12 ildən çoxdur davam edən müharibənin nəticəsidir. Gərginliklər, beynəlxalq qüvvələrin iştirakı və müxtəlif silahlı qrupların qarşıdurmaları ölkədə humanitar böhranı daha da dərinləşdirib.
Siyasi şərhçi Azər Həsrət Suriyadakı durumu şərh edərkən bölgənin beynəlxalq güclərin maraq mübarizəsi meydanına çevrildiyini qeyd edir. O, xüsusilə ABŞ, Rusiya və Türkiyənin burada strateji mövqelərini gücləndirmək üçün müxtəlif addımlar atdığını vurğulayır. Azər Həsrətə görə, Suriya böhranında Türkiyə hərbi və siyasi baxımdan ən həssas vəziyyətdə olan oyunçulardan biridir. Çünki bu ölkənin təhlükəsizlik maraqları birbaşa sərhəd bölgələrindəki dəyişikliklərdən asılıdır. Türkiyənin yaratmaq istədiyi tampon bölgələr həm ABŞ-nin dəstəklədiyi terrorçu kürd qruplaşmalarının, həm də Rusiyanın təsir dairəsinin məhdudlaşdırılmasına yönəlib.
Azər Həsrət həm də qeyd edir ki, Suriya və Yaxın Şərqdəki hadisələr yalnız yerli deyil, həm də qlobal miqyasda siyasi və iqtisadi təsirlərə malikdir. Məsələn, regionda İranın rolu və onun Azərbaycana təsir imkanları da müzakirə mövzularından biridir. İranın bu bölgədə proksi qüvvələr vasitəsilə təsirini artırmağa çalışması xüsusilə Güney Qafqazdakı sabitliyə də təsir edir.
İlk şərhi yaza bilərsiniz