BAYRAQDAR MEDİA – Hazırda qonşu Gürcüstanda siyasi gərginlik davam edir. Son hadisələr əsasən seçkilər və müxalifətin seçki nəticələrinə qarşı çıxışları ətrafında cərəyan edir. Oktyabrda keçirilmiş parlament seçkilərində hakim “Gürcü Arzusu” Partiyası qalib gəlsə də müxalifət nəticələri saxta hesab edərək tanımayıb və davamlı etiraz aksiyaları təşkil edir. Noyabrın 29-na keçən gecə müxalifət tərəfdarları parlament binası qarşısında toplaşıb, polislə qarşıdurmalar baş verib. Etirazların əsas məqsədi seçki nəticələrinin yenidən nəzərdən keçirilməsidir.
Bundan əlavə, Gürcüstanda prezidentin seçilməsi prosesi də diqqət mərkəzindədir. Yeni prezident seçkisinin dekabr ayında keçirilməsi planlaşdırılır və bu, Gürcüstanda qarışıq siyasi mühitdə əlavə gərginlik yarada bilər. Yeni prezident, əvvəlki qaydalardan fərqli olaraq, xalq səsverməsi ilə deyil, xüsusi seçki kollegiyası tərəfindən seçiləcək. Hazırkı Prezident Salome Zurabişvili isə hakim partiyanın tənqidçisidir və onun mövqeyi siyasi qarşıdurmanı daha da artırıb.
Hadisələrin gələcək inkişafı əsasən müxalifət və hakimiyyət arasında kompromis əldə olunub-olunmayacağından asılıdır. Qərb dövlətləri isə Gürcüstan hökuməti ilə əməkdaşlığı davam etdirəcəklərini bəyan ediblər və ölkədəki gərginliyin inqilaba çevrilməsi ehtimalını aşağı qiymətləndirirlər.
Onu da əlavə edək ki, növbəti gərginlik dalğası Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa Birliyi ilə danışıqları 2028-ci ilə qədər dayandırmaqla bağlı bəyanatından sonra başlayıb.
Qonşu ölkədə baş verənlərə münasibət bildirən siyasi şərhçi Azər Həsrət bildirir ki, orada baş verənlər Azərbaycan üçün əlverişli deyil: “Gürcüstan bizim üçün ən vacib qonşu ölkədir. Oranın qarışması, özəlliklə də status-kvonun pozulması Azərbaycan üçün arzuolunan sayıla bilməz. Ona görə də arzu edirik ki, bir an öncə orada vəziyyət sabitləşsin, siyasi qüvvələr konsensusa gəlsin və dekabrda yeni prezidentin seçkisi problemsiz olsun. Həm də arzu edərdik ki, yeni prezident hazırkı prezidentin xəttini davam etdirməsin”.
İlk şərhi yaza bilərsiniz