Press "Enter" to skip to content

Dörd min beş yüzdən çox tibbi xidmət göstərilib

Aksiya zamanı

Son yeniləmə: 29 Noyabr 2024 10:32

BAYRAQDAR MEDİA – TƏBİB-in təşkilatçılığı və və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə “TƏBİB-in İxtisas gündəliyi” proqramı çərçivəsində qərb bölgəsində 14 Noyabr – Dünya Diabet Gününə həsr edilən “Diabeti tanı, sağlam yaşa” layihəsi icra olunub. Layihə əsasında, Tovuz, Ağstafa, Şəmkir, Qazax, Gədəbəy rayonlarının vətəndaşları üçün tibbi xidmətlər təşkil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məlumat verilib.

Məlumata görə, “Diabeti tanı, sağlam yaşa” layihəsi çərçivəsində Tovuz Rayon Mərkəzi Xəstəxanasının tərkibində fəaliyyət göstərən Tovuz Hemodializ və Diaqnostika Mərkəzində bölgə üzrə vətəndaşlara, o cümlədən burada yaşayan müxtəlif sosial qruplardan olan şəxslərə paytaxtdan gələn uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib: “Həmçinin Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada təhsil alan şagirdlər də müayinələrə cəlb olunub. 25-29 noyabr tarixlərində baş tutan layihədə iştirak edən tibbi heyət Bakı şəhərində yerləşən çoxprofilli tibb müəssisələri – Respublika Klinik Xəstəxanası, Respublika Endokrinoloji Mərkəz, Sabunçu Tibb Mərkəzi və Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkimlərindən, həmçinin TƏBİB-in Ekspertlər Qrupunun üzvlərindən ibarət olub”.

Məlumata əsasən, ümumilikdə 1470 vətəndaşa endokrinoloq, uşaq endokrinoloqu, ümumi cərrah, nevroloq, nefroloq, oftalmoloq, kardioloq həkimlər tərəfindən 4500-dən çox tibbi xidmət göstərilib: “Şəkərli diabet və ağırlaşmaları (böyrəklər, göz damarları, ürək-damar sisteminin zədələnmələri, neyropatiya), şəkərsiz diabet, qalxanabənzər və böyrəküstü vəz xəstəlikləri, piylənmə və maddələr mübadiləsinin pozulmaları, qadınlarda hormonal balansın pozulması, uşaqlarda fiziki və cinsi inkişaf pozğunluqları və digər endokrinoloji xəstəliklərdən əziyyət çəkən vətəndaşlar müayinə olunub. Qeyd edək ki, layihənin icrası zamanı bölgədə yaşayan həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrə cəlb olunub. Həkim-mütəxəssislər tərəfindən vətəndaşlara zəruri tibbi məsləhətlər verilib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.