BAYRAQDAR MEDİA – “Borçalı” İctimai Birliyinin növbəti toplantısı keçirilib. Birliyin təsisçisi və sədri, yazıçı-jurnalist Şərif Kərimli ötən dövr fəaliyyəti ilə bağlı geniş məlumat verib, perspektiv planlardan danışıb.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən qurumdan verilib.
Qeyd edilir ki, “Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də siyasi-coğrafi köklər birləşdirir. Qafqazın bu iki qədim xalqının dostluq ilişkilərinin çox qədim tarixi var. Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Ölkələrimizin çoxşaxəli münasibətlərində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı qonşuluq siyasətinin önəmli istiqamətlərindəndir”.
“Tədbirdə Birliyin yeni seçilmiş İdarə Heyətinin tərkibi və sədri toplantı iştirakçılarına təqdim edilib. Yeni sədr tanınmış şair-publisist Dəyanət Osmanlı “Borçalı” İctimai Birliyinin fəaliyyətinin istiqamətləri barədə danışaraq bildirib ki, Azərbaycan-Gürcüstan dövlətlərinin dostluq münasibətləri uğurla inkişaf edir. Azərbaycan nəinki siyasi, iqtisadi, sosial, mədəni sahələrdə, eləcə də Gürcüstan vətəndaşı olan azərbaycanlı gənclərin təhsili sahəsində maddi və mənəvi yardımını əsirgəmir. Biz bir QHT olaraq dövlətlərimizin əməkdaşlığı çərçivəsində soydaşlarımızın dil, mədəniyyət, təhsil haqlarının, ictimai bərabərliklərinin qorunması təşəbbüslərinin dəstəklənməsi, milli maraqlarımızın təbliği və təşviqi işinə daha fəal ictimai dəstək verməyi düşünürük. Gürcüstan QHT-ləri ilə əməkdaşlığı inkişaf etdirmək də fəaliyyət dairəmizə daxildir. Əsas məqsəd vətəndən kənarda və öz qədim tarixi yurdlarında yaşayan soydaşlarımızın həmrəylik, vətənpərvərlik ruhunun yüksəlməsinə, qayğılarının öyrənilməsinə, milli, ictimai, tarixi, mədəni-mənəvi dəyərlərinin qorunması işinə kömək etməkdir. Gürcüstan azərbaycanlılarının vəziyyəti ikitərəfli münasibətlərə həmişə öz təsirini göstərib və bundan sonra da göstərəcəkdir. Bu amillərin həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olması öz tarixi yurd yerlərində yaşayan soydaşlarımıza sahiblik hissinin ifadəsidir”, – deyə xəbərdə bildirilir.
O da bildirilir ki, “İdarə Heyəti üzvlərindən Qarabağ qazisi, şair-publisist, Əməkdar jurnalist Rəşid Faxralı, pedaqogika üzrə fəlsəfə doktoru , qazi, şair-publisist Knyaz Aslan, fəlsəfə doktoru Razim Məmmədli, tanınmış jurnalist İradə Sarıyeva, qazi-jurnalist Paşa Babakərli, jurnalist Pünhan Əfəndiyev, heykəltəraş Cümşüd İbrahimli və digərləri Azərbaycan və Gürcüstan dövlətlərinin beynəlxalq təşkilatlarda faydalı əməkdaşlığını, bir-birilərinin ərazi bütövlüyünü dəstəkləməsini vurğulamış, dünya azərbaycanlılarının həmrəyliyi, təşkilatlanması, Gürcüstanda yaşayan soydaşlarımızın ictimai, mədəni, sosial durumu yönündə vətəndaş cəmiyyətinin rolunun artırılması barədə fikir mübadiləsi aparmışlar”.
İdarə Heyəti Şərif Kərimlini dönəm sədrliyində uğurlu fəaliyyətinə görə “Borçalının fəxri” diplomu ilə təltif edib.
Sonda qeyd edilir ki, “sentyabrın 10-da “Borçalı” İctimai Birliyinin yeni sədri seçilən Dəyanət Osmanlı 1965-ci ildə Bolnisi rayonunun Saraçlı kəndində anadan olub. O, 1991-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. Dəyanət Osmanlı uzun müddət rəsmi dövlət mətbuatında çalışıb. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1997-ci ildən isə Birliyin İdarə Heyətinin üzvüdür. 2008-ci ildə Prezident təqaüdünə, bir neçə dəfə TÜRKSOY-un ödüllərinə layiq görülüb. 10 kitabın müəllifi, 100-dən çox nəşrin tərtibçi-müəllifi, redaktorudur. Dəyanət Osmanlı eyni zamanda fəal ictimaiyyətçi kimi tanınır. İndiyədək “Türk Dünyası İnfo” İB-nin təsisçisi və sədri olaraq dövlət dəstəyi ilə ölkəmizdə, eləcə də xaricdə milli maraqlarımızın, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ictimai aktuallıq kəsb edən 14 layihə həyata keçirib”.
İlk şərhi yaza bilərsiniz