BAYRAQDAR MEDİA – Azərbaycanın Baş naziri Əli Əsədov İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təsdiq edilməsi və yeni hökumətin formalaşması münasibətilə təbrik edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycanın Nazirlər Kabinetindən daxil olub.
Bildirilir ki, “Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təsdiq edilməsi və yeni hökumətin formalaşması münasibətilə İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycanın dost ölkə və etibarlı tərəfdaş olan Gürcüstanla münasibətlərinin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə olunub”.
Daha sonra qeyd edilir ki, məktubda “dərin tarixi əlaqələrlə bir-birinə bağlı olan iki ölkənin həm ikitərəfli əsasda, həm də çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlıq etdikləri vurğulanıb. Qeyd olunub ki, Azərbaycan bundan sonra da Gürcüstan ilə dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək əzmindədir”.
İlk şərhi yaza bilərsiniz