Press "Enter" to skip to content

Azərbaycanda vergitutma 3 formada həyata keçirilir

Son yeniləmə: 29 Noyabr 2024 14:01

BAYRAQDAR MEDİA – Vergi Məcəlləsinə əsasən vergitutma 3 formada həyata keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata deyilir: “Bilavasitə mənbədən vergitutma metodunda verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması, bəyannamə üzrə üsulda verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması, bildiriş üzrə dedikdə isə vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi nəzərdə tutulur. Azərbaycanda vergi ödəyicilərinin əksəriyyəti öz öhdəliklərini yerinə yetirərkən vergitutmanın formaları arasında vergi bəyannaməsinin təqdim edilməsi metodundan istifadə edilər”.

Qeyd edilir ki, vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası Vergi Məcəlləsi ilə tənzimlənir: “Burada bəyannamələrin təqdim edilməsi ilə bağlı müddətlər və digər qaydalar öz əksini tapıb. Vergi ödəyiciləri bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər. Əks təqdirdə qanunverciliklə müəyyənləşmiş cərimə və sanksiyalara məruz qala bilərlər”.

Məlumatda vurğulanır ki, Azərbaycanda vergi bəyannamələrini elektron formada da təqdim etmək mümkündür: “Vergi sisteminin vergi ödəyicilərinin tələblərə uyğunlaşdırılması istiqamətində inkişaf prioritetlərinə uyğun olaraq bəzi bəyannamələrin sadələşdirilməsi və optimallaşdırılması da həyata keçirilir. Bu istiqamətdə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə” təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparılıb və sadələşdirilmiş vahid bəyannamə forması hazırlanıb. Bu, vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinin xidmət mərkəzlərinə müraciət etmədən bəyannanmənin rahat şəkildə təqdim olunmasına imkan verir. Hazırda isə digər bəyannamələrin əvvəlcədən doldurulması (prifiling) sisteminin tətbiqi imkanları araşdırılır. Bütün bunlar vergi orqanlarının vergi ödəyiciləri üçün əlverişli fəaliyyət imkanlarının yaradılmasına xidmət edir. Başqa sözlə ifadə etsək vergi orqanı vergi ödəyicilərinin öhdəliklərini yerinə yetirmələri üçün əlverişli şərtlər yaratmaqla partnyor rolunda çıxış edir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.