BAYRAQDAR MEDİA – Rusiyanın əsassız və səbəbsiz yerə işğal etdiyi Ukrayna torpaqlarında və bütövlükdə ölkə ərazisində vəziyyət gərgin olaraq qalır. Bu axşam da Rusiya Ukraynanın özəlliklə enerji obyektlərini hədəfə alıb, soyuq hava şəraitində dinc insanlar daha bir çətinliklə üzləşib.
Ümumiyyətlə isə müharibədə hazırkı vəziyyət gərgin olaraq qalır. Medianın yaydığı xəbərlərə görə, Donetsk və Xarkov istiqamətində Rusiya qüvvələri son həftələrdə müəyyən irəliləyişlər əldə edib və Ukraynanın bir neçə yaşayış məntəqəsini ələ keçirib. Eyni zamanda Ukrayna ordusu sursat çatışmazlığı və təcrübəli hərbçilərin azlığı səbəbindən müdafiədə çətinliklərlə üzləşir. Xüsusilə Donbas bölgəsindəki ağır döyüşlər Ukrayna üçün ciddi problemlər yaradır.
Mənbələr xəbər verir ki, Rusiya, həmçinin hərbi strategiyasını genişmiqyaslı infrastruktur hücumları ilə davam etdirir, enerji obyektləri və nəqliyyat infrastrukturu kimi hədəfləri vurur. Ukraynanın qərbdən aldığı hərbi yardımlar isə cəbhə xəttinə tam şəkildə çatmayıb və bu prosesin bir neçə həftə çəkəcəyi gözlənilir.
Digər tərəfdən, Ukrayna hökuməti əlavə qüvvələr səfərbər etməyə çalışsa da müharibənin bu mərhələsində müdafiə strategiyasını yenidən nəzərdən keçirməsi vacibdir. Bu vəziyyət Qərb müttəfiqləri ilə əlaqələrin gücləndirilməsini və əlavə hərbi dəstək tələb edir. Qərb isə bu dəstəyi operativ şəkildə təmin etməyə elə də tələsmir…
İlk şərhi yaza bilərsiniz