BAYRAQDAR MEDİA – Havaların soyuması məişətdə dəm qazı təhlükəsini daha da artırır. İstiliyə tələbatın artdığı bu mövsümdə qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi sonda acı nəticələrə səbəb ola bilər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə vurğulanır ki, “bu istiqamətdə FHN-in apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, hələ də dəm qazının törətdiyi faciəli hadisələr baş verir”.
Yuxarıda qeyd olunanları, habelə dəm qazının iysiz olduğunu və hiss edilmədiyini nəzərə alaraq, mümkün fəsadların qarşısının alınması üçün FHN aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:
• istismar olunan qaz cihazı saz və standartlara uyğun olmalı;
• cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
• havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
• hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
• tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
Yadda saxlamaq lazımdır ki, qaz cihazının olduğu məkandakı insanlarda baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq dəm qazından zəhərlənmənin əsas əlamətləridir.
Müraciətdə həmçinin bildirilir ki, “dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır! Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”.
İlk şərhi yaza bilərsiniz