Son yeniləmə: 28 Noyabr 2024 07:42
Hikmet Eren: Azərbaycanın COP29-a ev sahibliyi etməsi türk dünyasının həmrəyliyi və əməkdaşlığı baxımından da çox mühüm addım oldu
BAYRAQDAR MEDİA – “Bakıda keçirilən COP29 türk dünyası üçün qürur mənbəyinə çevrildi, Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlama verən EkoAvrasiya Fondunun Qəyyumlar Şurasının sədri Hikmet Eren deyib.
Onun sözlərinə görə, Azərbaycan dünyanın ən mühüm iqlim sammitinə ev sahibliyi etməklə beynəlxalq aləmdə gücünü və təşkilatçılıq qabiliyyətini bir daha sübut etdi, Qafqazın parlayan ulduzu olduğunu bütün dünyaya göstərdi: “196 ölkədən təxminən 76 min insanın iştirak etdiyi bu nəhəng tədbir Bakının qlobal mərkəz olmaq əzmini nümayiş etdirdi. Hesab edirəm ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi türk dünyasının həmrəyliyi və əməkdaşlığı baxımından da çox mühüm addım oldu. Azərbaycan COP29-u belə uğurla təşkil etməklə eyni zamanda Qafqazın beynəlxalq sistemdə oynaya biləcəyi rolu vurğulayır”.
H.Eren vurğulayıb ki, Bakı indi təkcə enerji siyasəti üçün deyil, həm də ətraf mühit, diplomatiya və davamlı inkişaf mərkəzinə çevrilib: “Türkiyənin COP31-ə ev sahibliyi etmək üçün diplomatik təşəbbüsləri də onun bu prosesdə Azərbaycanla əməkdaşlığının mühüm göstəricisidir. Ölkəmiz tərəfindən COP29-da yaradılan pavilyonlar təkcə ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı layihələri təbliğ etmir, eyni zamanda ebru və kaşı kimi ənənəvi sənətlərimizi beynəlxalq iştirakçılara təqdim etməklə mədəniyyət körpüsü yaradıb. Belə mötəbər tədbirlərdə iştirak etmək Türkiyənin regional liderliyini və beynəlxalq nüfuzunu artırmaqla yanaşı, türk dünyası arasında əlaqələri gücləndirir. Ona görə də bu tədbirin təkcə ekoloji mübarizə baxımından deyil, türk dünyasının yüksəlişi və əməkdaşlığın dərinləşməsi üçün də əhəmiyyətli olduğu görülür”.
İlk şərhi yaza bilərsiniz